Cem Karaca 1945-ci il aprelin 5-də İstanbul anadan olub. Anası türk teatrının məşhur simalarından Toto Karaca, atası isə Mehmet Karaca idi. Toto Karaca erməni kökənli idi, əsl adı isə İrma Felekyan. Mehmet Karaca isə Azərbaycan türküydü. Əslində, İrma, ya da bir başqa adla Toto Karaca həm də İran əsilliydi. Buna görə də, həyat yoldaşı Mehmet ilk dəfə İran konsulluğunda evlənmiş, Türkiyə qanunlarına uyğun ikinci evliliyi isə Cem doğulduqdan sonra baş tutmuşdu. İkisi də incəsənətdə istedadlarını sübut etmiş, teatrın axtarılan, sevilən üzlərindən idi. Cem də “səhnələrin tozunu udaraq” böyümüşdü.
Karaca sənətçi ailələrin və milli azlıqların çox yaşadığı Bakırköydə yaşayırdı. Cem Karaca 10 yaşında olanda həyatı boyu unuda bilməyəcəyi bir hadisə yaşadı. Bu hadisə təqvimə İstanbulun iki utancverici günü – 6-7 sentyabr tarixləri kimi həkk olundu. Bu hadisə baş verərkən, Karaca ailəsini yağmalardan qoruyan onlardan iki-üç ev aşağıda yaşayan təqaüdçü polkovnik Emrullah Sümer oldu. Emrullah Sümer rəsmi paltarlarını geyinib, silahlanaraq Bakırköydəki azlıqları qorudu. 6-7 sentyabr hadisələri bitib, həyat normal axarına qayıtdıqdan sonra Cem Türkiyənin sayılıb seçilən kolleclərindən olan Robert Kollecinə daxil oldu. Baxmayaraq ki, sənətçi bir ailənin fərdiydi, lakin, onun ağlında sənətlə məşğul olmaq yox idi. “Böyüyəndə nə olacaqsan?” sualına həmişə “ya həkim, ya da mühəndis olacam”, – deyə cavab verərdi. Atası Mehmet Karacanın isə tək oğluna aid tamam başqa xəyalları var idi. Ona görə, Cem böyüyəndə diplomat olacaqdı.
Lakin, Cem Karaca yeniyetmə yaşlarına çatdıqca genində olan sənət eşqi getdikcə alovlanmağa başladı. Qərb mədəniyyətini anlayır və onunla yaşayırdı. O vaxtların məşhur ifaçısı və “Rockn rollun kralı” adlandırılan Elvis Presleydən ilhamlanmışdı. Günlər keçdikcə musiqi zövqü rockn roll tərzində formalaşırdı. 17 yaşında “Beyoğlu İdman Klubunda”, o vaxtkı adıyla desək, “çay“ adıyla tanınan partidə səhnəyə çıxdı. Artıq musiqi həyatına professional olaraq davam etmək istəyirdi. Qarşısında bir əngəl var idi — o da atası Mehmet Karaca idi. Atası onu musiqi sevdasından vazkeçirmək üçün müxtəlif yollara əl atdı, heç bir nəticə vermədi. Cem atasından daha inadcıl idi.
1963-cü ildə məktəbdə dostlarıyla qurduğu “Dinamitlər” qrupu dağıldı, amma Cem Karaca sənətdən qopmadı. 1965-ci ildə “Yaquarlar”la işləməyə başladı. “General Çöpçatan”, “Zoraki Diktatör” ( orijinal adlar saxlanılmışdır. – red.) kimi tamaşalarda rol aldı. Həmin il ilk dəfə teatr aktrisası Semra Özgür ilə evləndi. Nikaha imza atandan cəmi üç gün sonra əsgər olaraq Antakyaya getdi. O, artıq 121-ci hərbi hissənin bir əsgəri idi. Əsgərlikdə olarkən, bir səs eşitdi və bu səs başqa bir əsgərin çaldığı sazdan gələn səs idi. Sazın ritmi ona təsir etdi. Rockn Rollda tapa bilmədiyini tapmış, qərarını vermişdi. İstanbula qayıdanda mahnılarını türkçə ifa edəcəkdi.
![]() 1967-ci ildə əsgərliyi bitirib, İstanbula geri qayıdanda yolu Mehmet Soyarslanın qurduğu “Apaşlar” qrupu ilə kəsişir. Axır ki, ölkənin ən yaxşı qruplarından biri ortaya çıxmışdı. Anadolu rok musiqiləri səsləndirən qrup 1967-ci ildə “Altın Mikrofon” yarışmasına qoşuldu və ikinci oldu. “Apaşlar” qrupunun şöhrəti artdıqca konsert turları da bir-birinin ardınca gəlirdi. Anadolunun, demək olar, hər yerinə getdilər. Səslərini beynəlxalq arenaya da çatdırmaq istəyən qrup albom yazdırmaq üçün on beş günlük Almaniyaya getdi. Cem 1968-ci ildə ikincə dəfə evləndi. İkinci həyat yoldaşı aktrisa Meriç Başaran idi. Həmin il “Türkiye’ye Merhaba” konserti ilə vətənə qayıdan qrup Almaniyada yazdırdığı “Resimdeki Gözyaşları” adlı bəstələri ilə böyük səs-küyə səbəb oldu. Cem Karaca “Milliyet”in 1968-cı ildəki anketində ən sevilən kişi müğənnilər sırasında 4-cü yeri tutdu. “Resimdeki Gözyaşları“ isə ilin mahnıları anketində 3-cü yerdə idi.
![]() Lakin, dünyada tamam başqa “küləklər” əsirdi. O, 68 cavanlığının azadlıq küləyi idi. Sülh, azadlıq, bərabərlik istəyən müxaliflərin xəyalının işarəsi idi. O külək Türkiyədə də soldan əsirdi. Dünyada olduğu kimi… Cem Karaca qrupu siyasi bir yönə çəkmək istədi, amma qrupun qurucusu Mehmet Soyarslan buna icazə vermədi. Qrup 1970-ci ildə “Bu son olsun/Felek beni” albomunu çıxardı və qrup dağıldı. Qrupun dağılmasından sonra Cem Karaca qrupun baş gitaristi Seyhan Karabay ile “Kardaşlar” qrupunu qurdu.
12 Mart çevrilişi olanda Cem Karaca konsert üçün Almaniyadaydı. Fikirləri və fikirləriylə bəzədiyi musiqisi siyasətçilər tərəfindən də dəstəkləndiyi üçün bir müddət Almaniyada qaldı. Haqqında heç bir tədbir görülmədiyini görən Cem ölkəyə qayıdır.
12 Mart hadisələrinin sol üzərində etdiyi təxribata qarşı incəsənətin dili daha cəsur idi. “Niksar’ın Fidanları”, “Kara Yılan”, “Acı Doktor” kimi mahnılarıyla 12 Martın “yaralarını sarmağa” çalışdı.
![]() Cem Karaca 1972-ci ildə bambaşqa qrupla səhnələrə çıxdı. Cem Anadolu Rockun ən güclülərindən olan “Moğollar” ilə iki il işlədi. İndi də dillərdən düşməyən və milyonların sevgisini qazanan “Namus belası” mahnısı məhz bu dövrdə oxunmuşdur.
Qruplar dəyişirdi, amma Cemin sənət yolu “getdiyi qatardan düşənlər“ə rəğmən yeniləriylə davam edirdi. Cem Karacanın musiqi yolu artıq “Dervişan”la davam edəcəkdi. Təqvim 1974. Türkiyədəki siyasi çəkişmə artıq qarşıdurmalı dönəmə qədəm qoyurdu. Solçu mövqeyini heç bir zaman gizləməyən Cem o vaxt əsla unudulmayacaq bir mahnıya imza atdı. Bu mahnının adı “Tamirci çırağı” idi. İşçilər işçi qalmalıydı. Cem sənətçi ailədən gəlməyinin üstünlüklərindən istifadə edirdi, səhnədə teatral atmosfer yaradırdı. “Tamirci çırağı” mahnısını ifa edən zaman səhnəyə usta köməkçisi paltarında çıxırdı.
Bu dönəmdə Cemi xoşbəxt edən başqa hadisə də baş verdi. Üçüncü evliliyini elədiyi həyat yoldaşı Feride Balkandan Emrah adında oğlu oldu.
1978-də yolunu “Derşivan”la da ayırdı. Cem yolunu ayırdığı dostlarıyla küsmür, birlikdə yola çıxa biləcəyi başqa dostlar axtarırdı. Adını Türkiyənin iki ucu olan Ədirnə və Ərdəhandan alan “Edirdahan” qrupunu qurdu. Komplekssiz xalqa ən kəsədən çatmağı hədəfləyən musiqi adamıydı.
Günlərin bir günü Cem Karaca İstiqlal küçəsində gəzirmiş. Cemin marjinal stili, uzun saçları, o illərin Türkiyəsində yaşananlar. Qarşıdan Barış Manço gəlir. Barış Cemi görür, Cem də Barışı. O illər bu 2 ad daima bir-birilə müqayisə edilirdi. Lakin onlar heç vaxt bir-birini heç vaxt görməmişdilər. Ortada böyük rəqabət var, amma tanışlıq yoxdu. Barış Manço Cemin yanına gəlir sual verir və aralarında belə bir dialoq keçir: -Sən osan? -Mən oyam da..Bəs sən də osan? -Hə, mən də oyam. Onlar daha sonra çox yaxın 2 dost olurlar. Aralarında sadəcə 2 yaş fərqi var idi. Barış Manço öləndə Cem Karaca “canım getdi” deyib ağlayırmış.
İllər keçir, amma Türkiyədəki siyasi tarazlıq heç cür qoruna bilmirdi. Artıq silahlı qarşıdurmalar və kamplaşan kəndlər, məktəblər və küçələr bütünlüklə qana bulaşmışdı. Çevrilişin ayaq səsləri eşidilirdi. Dedi-qodular baş alıb gedirdi. Qırmızı jaket geyindiyi üçün tutulan musiqiçi yoldaşını görən, küçələrdə silah səsini eşitməyi normal qəbul edən bir dövrdə Cem siyasətin sənətə üstün gəlməsinə icazə vermir, mahnı oxumaq istəyirdi. 1980-ci ildə Almaniyaya konsert üçün getdiyi ərəfədə Türkiyədə hərbi çevriliş oldu.
![]() Artıq küçələrdə tur avtobusları deyil, tanklar gəzirdi. İnsanlar səbəbsiz yerə tutulurdu. Cem Karaca da 1978-ci il 1 May səs yazısında komunizm propagandası apardığı üçün axtarılanlar sırasında idi. O, mühakimə olunurdu.
![]() ![]() Hərkəs üçün çətin illər idi. Almaniyaya getmək və yaşamaq, bəlkə, asan idi. Amma qayıda bilməmək çox çətin idi. Karaca həyatı boyu Almaniyada yaşaya bilməyəcəyini anlamışdı. Oxuduğu mahnılar kimi o da Anadolunun uşağı idi. 1985-ci ildə qarşısına gələn təklifi dəyərləndirdi. Münhendəki “Four Seasons” otelində Turqut Özalla görüşdü. Özalın səyi nəticəsində 7 ilin sonunda Vətənə qayıda bildi.
![]() 1987-ci ildə hava limanına çatanda narahat, amma xoşbəxt idi. Cem vətəninə qayıtmağına qayıtmışdı, amma hələ də çətinliklər qurtarmamışdı. Bəziləri onu Turqut Özaldan kömək aldığı üçün günahlandırıb, dönük adlandırırdı. Sonda yaxın dostları Cahit Berkay və Uğur Dikmenlə bir albom hazırlayıb, ona dönük deyənlərə yaxşı cavab verdi.
![]() Karaca sol yönlü fikirləri olduğu üçün vətənindən didərgin düşmüşdü, amma o, yenə də öz fikrindən dönmədi. “Tamirci çırağı” mahnısını andıran və cəmiyyətdəki qütbləşməni göstərən “Kahya Yahya” mahnısıyla 1990-ci ildə “Altın Güvercin” müsabiqəsində “Ən yaxşı mahnı” mükafatını qazandı.
![]() 1993-cü ildən sonra aktiv musiqiyə biraz ara verdi. 1994-cü ildə TRT-də “Rap rap” verilişini apardı. 1995-də Flash tv-də “Cem Karaca show”u, 1996-da isə “Efendime söyleyeyim” verilişiylə ekranlara çıxdı. 1997-ci ildə 5 illik aradan sonra albom işlərinə geri qayıtdı. Və “Ağır Roman” filmi üçün “Resimdeki Gözyaşları”nı bir də ifa etdi.
1999-da Cahit Berkay, Ahmet Güvençin dəstəyiylə “Bindik bir alamete” adında albom çıxardı. Bu albomda da müzakirələrə səbəb olacaq, keçmişdəki ifalarından fərqli bir mahnı oxudu. Bəstəsi və sözləriylə bir ilahiyə bənzəyən “Allah Yar” mahnısıyla bəziləri yenə də Cemi yolundan dönməkdə günahlandırdı.
![]() Arxasınca Fətullah Gülən ilə dost olmağında danışdılar. Böyük müzakirəyə səbəb oldu. Cem Karaca isə önyarğıları, günahlandırmaları bir kənara qoyub, özünü mahnılarına vermişdi. 2000-ci ildə “Kahpe Bizans” filminin mahnılarını səsləndirdi və filmdə qısa bir rol aldı. Daha sonra açıq hava konsertləri verməyə və barlarda səhnə almağa başladı. Belə ki, ölümündən 10 gün əvvəl o yenə də səhnədəydi.
![]() Cem haqqında olan maraqlı məqamlardan biri onun Qarabağ və Azərbaycan həsrəti idi. O, Bakını görməyi çox istəyirdi. Azərbaycanlı jurnalistə verdiyi müsahibədə öz atalarının qürurla azərbaycanlı olmasından bəhs edirdi. Anası erməni olsa da, o, hər zaman türk olduğunu qeyd edirdi. “Karabağ” mahnısında Qarabağa olan həsrətini çatdırırdı dinləyiciyə. O, erməni işğalını pisləyirdi.
Cem Karaca yaşadıqlarından, özü haqqında deyilənlərdən çox yorğun idi. Ölümü hissedirmiş kimi tez-tez “Allah canımı ya səhnədə alsın, ya da kral yatağımda” deyirdi. 8 fevral 2004-də böyük sənətçi Cem Karaca xəstəxanaya yerləşdirildi. Ürəyi artıq yaşadıqlarına dözə bilmirdi. O, həkimlərin 40 dəqiqəlik müdaxiləsinə müsbət cavab verməmişdi.
Anadolu rokun atasını günahlandıranlar, başa düşməyənlər, ya da başa düşmək istəməyənlər, hətta, gənçlik illərində belə onunla eyni düşüncəni paylaşmayan insanlar son dəfə uzun saçlı, eynəkli, Türkiyənin rok üzü olan Cem Karacanı tək buraxmadı. Cem vəsiyyətinə görə, alqışlarla deyil təkbirlərlə yola salındı. Atası və anasının məzarı olan “Seyyid Ahmed Deresi” qəbirstanlığında dəfn olundu.
Mənbə: https://www.cnnturk.com/yasam/cem-karacanin-hayat-hikayesi?page=23
Yazdı və redaktə etdi: Müjgan Uğur
|
|
|