Ədəbiyyat jurnalı “Notos” dünya ədəbiyyatından önəmli 40 roman qəhrəmanını müəyyən etdi və onlardan ən məşhur 15 obrazı sizlərə təqdim edirik.
1. Raskolnikov / “Cinayət və Cəza” – Fyodor Dostoyevski
Dostoyevskinin (rus: Фёдор Михайлович Достоевский) “Cinayət və cəza” romanının qəhrəmanı Peterburq Universitetinin Hüquq fakültəsində təhsil alan Rodion Romanoviç Raskolnikov maddi imkansızlıqlar ucbatından universitet təhsilini yarıda buraxmağa məcbur qalmışdır. Əslində, digər tələbələr kimi əsilzadə ailələrin uşaqlarına dərs verərək və anasının böyük çətinliklər içində ona göndərdiyi bir neçə rublla universiteti bitirənə qədər dolanan Raskolnikov həyatındakı problemlərə birdən-birə son qoymaq arzusundadır. Qurtuluşunu planladığı bir cinayətdə görən Raskolnikov Alyona İvanovna adında sələmçi yaşlı bir qadını öldürür, məqsədi onun pullarını almaqdır. Şəhərin iyrənclikləri, iqtisadi çətinliklər, həyatındakı insanların ona olan gözləntiləri Raskolnikovu bu cinayəti törətməyə vadar edir. Cinayəti törətdikdən sonra böyük bir ruhi sarsıntı keçirən və həyatı vicdan əzabı ilə keçən Raskolnikov törətdiyi cinayətin ictimai yönünü əsas götürən bir düşüncə yaradır.
“Bunu deyən kimi o köhnə, tanış duyğu bütün ruhunu dondurdu, birdən Sonyanın simasında Lizavetanın üzünü gördü. Əlində baltayla Lizavetanın üzərinə gedərkən qadının üzündə yaranan ifadəni xatırladı: Lizaveta bir yandan divara doğru gərilərkən, bir yandan da uşaqca bir qorxu ilə əllərini irəliyə uzatmışdı; qəflətən bir şeydən qorxmağa başlayan və gözlərini özünü qorxudan şeyə dikib balaca əllərini irəliyə uzadaraq hər an ağlamağa hazır, geri-geri çəkilən bir uşaq kimi idi… Bu anda Sonyanın üzündə bir ifadə vardı: Eyni qorxu, eyni etinasızlıqla baxırdı ona. Birdən sol əlini ona doğru uzadaraq barmağının ucuyla xəfifcə sinəsinə toxundu. Bir yandan da yavaş-yavaş ondan uzaqlaşaraq yataqdan, oturduğu yerdən qalxmağa başlamışdı, ancaq gözlərini bir an belə olsun onun gözlərindən ayırmırdı. Sonyanın duyduğu qorxu birdən ona da keçdi: Üzündə eyni dəhşət ifadəsi, hətta, dodaqlarında eyni uşaqca təbəssümlə o da Sonyaya baxmağa başladı.”
2. Don Kixot / Servantes – “Don Kixot”
Servantes (Cervantes) bu əsərində insan oğlunun həyatdakı məqsədi haqqında danışmış və bunun üçün mübarizə aparması, lazım gələrsə, savaşması gərəkdiyini Don Kixotun (Don Quijote) tragikomik görüntüsündə bizlərə çatdırmışdır. Əsərin bəşəriliyi də bundan qaynaqlanır. Don Kixot komik, xəyalpərəst, mərd, igid, cəsur, ürəkli, qorxusuz, dəli, çılğın, ağlını itirmiş və idealist bir qəhrəmandır. “Don Kixot”un ilk nəşri 1605-ci ildə, Servantes 58 yaşında olanda buraxılır. Kitabın ön sözündə “oğlum” deyə xitab etdiyi bu ölümsüz qəhrəmanın həbsxanada doğulduğunu bildirir. Bir fikir olaraq, orada doğulmuş və ya yazmağa orada başlamış ola bilər. “Don Kixot” Servantesin maliyyə problemlərini həll etməsə də, şöhrət qazanmasına səbəb oldu.
“Nəticədə, dük Don Kixota qarşı duyduğu dərin heyranlığın kiçik bir ifadəsi olaraq qısa bir müddət də olsa, qonağı olmasını arzu edir. Gombul, tənbəl və acgöz Sanşonun çox xoşuna gələn bu təklifə Don Kixot əvvəlcə soyuq yanaşır. Səyyah bir cəngavərə yaraşan şey haradasa uzanıb yatmaq deyil, çalışmaq, ən kiçik bir zəifliyə, tənbəlliyə aludə olmadan peşəsinin gərəklərini yerinə yetirməyə canla-başla çalışmaqdır. Bir yerlərdə istirahət etməyə çəkilərsə, özünü pisləyər, xüsusilə, pis niyyətli cadugərlər bunu fürsət bilib Don Kixotun yoxluğundan istifadə edərək, kim bilir, nə pisliklər edəcəkdi. Dükün, Düşesin və Sanşonun israrları qarşısında sırf bu yaxşı insanların xətrinə dəyməmək üçün və çox qısa olması şərti ilə təklifi qəbul edir.”
3. Anna Karenina / Lev Tolstoy – “Anna Karenina”
Lev Tolstoyun (rus: Лев Никола́евич Толсто́й) 100 ilin ən böyük eşq hekayəsi olaraq qəbul edilən “Anna Karenina” adlı romanında Anna obrazının yaranmasına ilham verən rus yazıçı Aleksandr Puşkinin (rus: Алекса́ндр Серге́евич Пу́шкин) ən azı anası qədər gözəl olan qızı Mariya Hartunqdur (Maria Hartung). “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir” cümləsi ilə başlayan roman daha ilk andan ailə həyatına dair maraqlı təsbitlərlə qarşılaşacağımızı göstərir. Tolstoyun 1876-77-ci illərdə qələmə aldığı “Anna Karenina”nın əsas mövzusu hər şeydən əvvəl rus xalqının ailə dəyərləridir. Eşqinin ardınca getməsinə baxmayaraq, xeyirxahlıq simvolu olan həyat yoldaşının davranışı ilə bir növ vicdan hesablaşmasına girən Anna ətraf mühitin basqısına güclü şəkildə sinə gərir, amma sevdiyi adamla ona özünü günahkar hiss etdirən yoldaşı arasında qalmağın bədəlini çox ağır ödəyəcəkdi.
“Ona qarışanlara əsəbiləşməsinin əsas səbəbi ruhunun dərinliklərində onların tamamilə haqlı olduqlarını hiss etməsi idi. Onu Annaya bağlayan bu sevginin könüllərdə yaxşı və ya pis bəzi izlərdən başqa bir şey buraxmadan keçən cəmiyyət münasibətlərinə bənzəyən, keçici eşqlərdən olmadığını hiss edirdi. Özünün də, Annanın da vəziyyətinin nə qədər pis olduğunu; içində olduqları cəmiyyətin gözləri üzərində ikən eşqlərini gizlətməyin, yalan danışmağın çətin olduğunu da bilirdilər. Onları bir-birinə bağlayan ehtiras başqa hər şeyi unutduracaq dərəcədə güclü ikən, yalan danışmaq, aldatmaq, hiyləgərlik etmək, davamlı olaraq başqalarını düşünmək çox çətin idi.”
4. Emma / Qustav Flaubert – “Madam Bovari”
Qustav Flaubertin (fr: Gustave Flaubert) XIX əsrin ən uğurlu romanlarından biri olan “Madame Bovary”də ailə anlayışının zənginlik və zadəganlıq ehtirası ilə yaşanan xəyanət içində korlanması, dəyərsizləşməsi və sinfi fərqlərin insanlarda yaratdığı əxlaqi dəyərləri heçə sayan davranışlara yol açması və məhdudlaşdırılmış qadın tipinin qadınlıq ruhunun qaydalarından qopub uyğunsuz davranması təsvir olunur. Romanın qəhrəmanlarına gəldikdə isə Flaubert: “Madam Bovarinin gerçək həyatla heç bir əlaqəsi yoxdur, bu, bütünlüklə uydurulmuş bir hekayədir” – desə də, heç şübhəsiz, roman qəhrəmanlarını real həyatdan seçmişdir. Yucen Delamer! (Eugene Delamere) Flaubert bir zamanlar cilvəli, bədxərc, özünü bəyənmiş bir həyat yoldaşı olan cılız bir tibbi məmurla tanış olmuşdu. Qadın yoldaşını aldatdıqdan və məhv etdikdən sonra özünü zəhərləmişdi. Ədəbiyyat tarixçiləri isə Emma Bovarinin (Emma Bovary), heç şübhəsiz, Delfin Delamerə (Delphine Delamare) çox bənzədiyini söyləməklə birlikdə, yazarın, eyni zamanda, bir təsadüf nəticəsində heykəltəraş Praderin (Pradier) çəkici və yüngül əxlaqlı həyat yoldaşı Luizadan (Louise) da təsirləndiyini deyirlər. Flaubertin kağızları arasında da Luizanın sədaqətsizliyi və bədxərcliyi ucbatından öz sonunu necə hazırlandığını ifadə edən təxminən 50 səhifəlik bir əlyazması tapılmışdır. Danışan şəxs isə Luizanın bir qadın dostudur.
“Bir gün rançoya (çiftlik) saat 3 radələrində gəldi; hər kəs tarlalara çıxmışdı. Mətbəxə girdi, lakin Emmanı o anda görə bilmədi, pəncərənin taxta qanadları bağlı idi. Taxtanın yarıqlarından girən Günəşin daşlara cızdığı incə cizgilər əşyalara dəyib qırılır, tavanda oynaşırdı. Masanın üstündə çirkli stəkanlara dırmaşan milçəklər alma şərabı artıqlarına düşüb, vızıldayaraq boğulurdu. Ocaqdan girən işıq, mədən plitəsinə bulaşmış quru bir məxmər xalı soyuq küllərə bir mavilik verirdi. Emma pəncərə ilə ocağın arasında oturmuş, tikiş tikirdi; arxasına ipək şərfini atmadığı üçün çılpaq çiyinləri üzərində kiçik tər damlaları görünürdü.”
5. Qreqor Zamza / Frans Kafka – “Çevrilmə”
“Çevrilmə” XX əsrin önəmli romanlarından biri kimi qəbul edilir. “Çevrilmə”də Kafka (alm. Franz Kafka) öz həyatını, cəmiyyətin gözləntiləri ilə bu həyatın necə formalaşdığını və bu formalaşmanın öz ruhundakı əksini iddiali bir tərzdə təsvir edir. Kafka “Çevrilmə”də modern cəmiyyətdəki yadlaşmanın mükəmməl örnəklərindən birini təqdim edir. “Çevrilmə” də məhz bunları yaşayan Qreqor Zamzanın (alm. Gregor Samsa) hekayəsidir. Qreqor Zamza bir səhər oyanır və böcəyə çevrildiyini görür. Qreqor atasının borclarını ödəyə bilmək üçün öz istək və ehtiyaclarından fədakarlıq edərək işləyən biridir. Ancaq bütün bunlara baxmayaraq, Qreqor ailəsi tərəfindən təqdir görmür və onun ehtiyacları heç nəzərə alınmır. Qreqor yalnız böcəyə çevrildikdən sonra onun ailə üzərindəki maddi önəminin fərqinə varırlar. Nəticədə isə anası, atası və bacısı birlikdə işləməyə məcbur qalırlar. Bəzən insanlar təqdir etmək üçün çox gecikirlər, ancaq Kafkanın hekayəsində isə daha da acınacaqlı olan Qreqorun heç bir zaman bu təqdiri qazana bilməməsidir.
“Qreqor Zamza bir səhər boğucu yuxulardan oyandıqda yatağında nəhəng bir böcəyə çevrildiyini gördü. Qalxan kimi sərtləşmiş kürəyinin üstündə yatırdı və başını bir az qaldırdıqda bir qübbə kimi şişmiş, qəhvəyi, sərtləşən hissələrin yaratdığı ox forması cizgilərlə sahələrə ayrılmış qarnına paralel idi; qarnının yuxarı hissəsindəki yorğan, demək olar ki, tamamilə yerə sürüşmək üzrə idi və tuta biləcəyi heç bir yer qalmamışdı. Gövdəsinin sahəsi ilə müqayisədə, acınacaqlı bir incəlikdə olan çox sayda ayaq, gözlərinin önündə çarəsizlik içərisində parıltılar saçaraq sallanırdı.”
6. Jan Valjan / Viktor Hüqo – “Səfillər”
Viktor Hüqo (fr. Victor Hugo) get-gedə çökməkdə olan dini-əxlaqi dəyərləri vurğulayaraq başladığı “Səfillər” romanında yalnız kilsə və onun dini təsirinə deyil, həm də korlanan bir dövrü təsvir edərək bütün cəmiyyəti real bir şəkildə öz obyektivi altında ifadə etməyə çalışmışdır. Hadisə 1815-1833-cü illər arasında Fransada cərəyan edir. Fransa inqilabından sonrakı illərdə olduqca kasıb bir gənc olan Jan Valjan (fr. Jean Valjean) ac qalan bacısı uşaqlarını doyurmaq üçün çörək oğurlayır. Oğurluqdan tutulur və bir gəmidə kürək çəkmə cəzasına məhkum edilir. Bir neçə dəfə həbsxanadan qaçmağa çalışır, lakin uğurlu olmadığı kimi, həm də cəzası 19 ilə qədər qaldırılır. Nəhayət, cəzası bitir. Həbsdən çıxdıqdan sonra ac və kimsəsiz qalır. Köhnə bir kürək məhkumu olduğu üçün kimsə ona qalmağa yer vermir. Qəsəbənin xeyirxah yepiskopu Miriel onu qonaq edir. Yepiskopun qonaqpərvərliyinə qarşılıq, Jan Valjan onun gümüş dəstini oğurlayır. Polis onu yaxalayır. Yepiskop polislərə gümüş dəstini Jan Valjana özünün hədiyyə etdiyini deyir. Valjan illər sonra ilk dəfə idi ki, insan kimi bir rəftar görmüşdü. İlk zamanlarda insanları sevməyən, özünə edilən yaxşılıqlara pisliklə qarşılıq verən, oğurluq etməkdən çəkinməyən biri olduğu halda, bu hərəkət onda böyük bir dəyişiklik yaradır və yaxşı bir insan olmağa qərar verir. Yepiskopun güvəninə layiq olmaq üçün fəzilətli bir insan olmağa, insanların xeyrinə çalışmağa əzm göstərir.
“Sanki, özünü seyr edirdi. Gözünün önündə bir xəyal görürdü. Kürək məhkumu Jan Valjan, əti ilə, sümüyü ilə, əlindəki çubuğu, arxasındakı oğurlanmış şeylərlə dolu çantası ilə və qaranlıq fikirləri ilə birlikdə gözünün önündə idi. O, Jan Valjanı, o qorxunc çöhrəni həqiqətən gördü. Az qala “bu adam da kimdir?” deyə soruşacaqdı. Qorxmuşdu ondan. Özü ilə üz-üzə gəlib hesablaşırdı. Bir ara müayinə edənin kim olduğuna baxdı. Birdən qarşısında yepiskopu gördü. Gözləri önündə canlanan bu iki şəxsə bir-bir baxdı. Yepiskop bir nur kimi getdikcə böyüyüb partlayarkən, Jan Valjan isə kiçilib, sönürdü. Bir az sonra Jan Valjanın yerində yalnız bir kölgə qaldı. Sonra da yox oldu. İndi isə ortada yalnız yepiskop vardı. Və yepiskopun xəyalı bütün ruhunu doldurdu. Elə ki, bu vəziyyət qarşısında qadın kimi hissli, uşaq kimi aciz idi və ağlayırdı… Göz yaşları ilə bərabər zehnində bir səhər açılmağa başladı. Qəribə bir səhər, qaranlığa inad bir səhər, bahar kimi təzəlik, canlılıq… Neçə saat belə durub ağladı? Ağladıqdan sonra nə etdi? Haraya getdi? Bu suallara cavab tapa bilmək üçün Jan Valjanı görən olmadı. Yalnız bir arabaçı yepiskopluğun önündə bir adamı diz çöküb dua edərkən gördü.”
7. Klarisa Dalouey / Virciniya Vulf – “Missis Dalouey”
Roman xanım Daloueyin (Mrs. Dalloway) bir gününü təsvir edir. Xanım Dallouey düşündükcə xatırlayır, xatırladıqca sorğulayır, şüurunun axını ilə bizi düşüncələrin labirintinə salır. Davamlı olaraq yeni bir qəhrəman və yeni düşüncələr qarşılayır bizi, hər dəfə yeni bir qəhrəmanın gözləri ilə baxırıq hadisələrə. Sonda hamısı tək bir şəxsdə birləşir – xanım Dalloueydə. Vulf romanlarında şüur axını texnikasından istifadə etdiyi üçün oxucuya bir az əziyyət verir.
“Klarisa Riçardın qapını açmasını seyr edərkən düşündü: “İnsanların şərəfi vardır, yalnızlıqları vardır; ər-arvad arasında belə bir uçurum vardır və insan buna hörmət etməlidir.” Çünki insan azadlığını ya da özünə olan mühakiməsini itirmədən öz-özünə ondan imtina edə bilmir ya da öz arzusu xaricində yoldaşının əlindən ala bilməz onu. Nə də olsa qiymətli bir şeydir şərəf.”
8. Holden Kolfild / Cerom Selincer -“Çovdarlıqda uçurumdan qoruyan”
Cerom Devid Selincerin (ing. Jerome David Salinger) yazdığı “Çovdarlıqda uçurumdan qoruyan” romanında əsas qəhrəman Holden Kolfild (ing. Holden Caulfield) cəmiyyətlə uyğunlaşmayan 16 yaşlı bir gəncdir. Holden, əslində, anti-qəhrəmandır. Passiv, qorxaq, çəkingən, yalançı, etibarsız, uğursuz… Holden Kolfilddən başqa digər bütün obrazlar isə gerçəkdə çox saxta və səmimiyyətsiz olduqları halda, cəmiyyətə uyğun, cəmiyyətin mənəvi dəyərlərini mənimsəmiş və sosial həyatda möhkəm qalmış xarakterlərdir. Holden bu cəmiyyətə uyğunlaşan, lakin cırlaşmış insan tipləri ilə qarşılaşdıqca və onların mənəvi dəyərlərinin alçaqlığını gördükcə cəmiyyətdən get-gedə uzaqlaşaraq öz dünyasına çəkilmək istəyir. Cerom Devid Selincer Holden Kolfildin uşaqlığına bənzər bir uşaqlıq və problemli bir təhsil həyatı keçirmişdir. II Dünya müharibəsində iştirak etmiş, savaşın mənfi üzünü görmüş və psixoloji böhran keçirmişdir. Selincer, xüsusilə, “Çovdarlıqda uçurumdan qoruyan” kitabından sonra öz uğuru ilə diqqətləri üzərinə çəkdikdə Nyu-Hempşirə (New Hampshire) köçür və tam olaraq insanlardan özünü təcrid edir, tənha bir həyat yaşayır. Haqqında çıxan yazılara belə icazə verməməyə çalışır. Daha çox da yazmır onsuz da. 2010-cu ildə, 91 yaşında ikən vəfat edir.
“Saxtakar həriflərdən addım atmaq olmur. Tək edəcəyin şey dərslərinə hazırlaşmaqdır və beləliklə, bir gün özünə lənətə gəlmiş bir “Cadillac” alacaq pulu qazanmağı öyrənəcəksən, məktəbin futbol klubu məğlub olarsa, məyus olduğuna hər kəsi inandıracaqsan, səhərdən axşama qədər qızlardan, içkidən və seksdən başqa bir şeydən danışmayacaqsan. O kiçik komandalarda hər kəs bir-birini necə də tutur. Basketbol komandasındakılar bir-birlərini tutur, katoliklər bir-birini tutur, lənət intellektuallar bir-birini tutur. Ayın Kitabı Klubuna üzv olan həriflər belə bir-birlərini tutur. Belə bir az ağıllı bir şey etməyə başla…”
9. Kapitan Ahab / German Melvill – “Mobi Dik”
Melvilin (ing. Herman Melville) şah əsəri olan “Mobi Dik” romanında balina ovu gəmisi Pequod və onun ağ balina Mobi Diki (Moby Dick) tutması ilə bağlı problemli arzusu səbəbi ilə gəmisinin və adamlarının yox olmasına səbəb olan kapitan Ahab təsvir olunur. Mobi Dik, böyük ağ balina Ahabın beyninə ilişdiyi kimi, romanda da hakim olan sirli, bəşəri bir varlıqdır. Özünü tək ayaqlı buraxmış, ruhunda sağalmayacaq yaralar açmış nəhəng ağ balina Mobi Dikin ardınca ölümcül bir səyahətə çıxan kapitan Ahabın şəxsiyyətində, özünə həmişə düşmən axtaran insan oğlunun kinli simasını görürük. Hekayə boyunca briqadanın zəifliklərindən istifadə edərək onlara saxta bir motivasiya verən Ahab zərər çəkmiş kimi davranaraq məqsədinə çatmağın yollarını axtarır. Onun tək məqsədi özünü aşağıladığını düşündüyü Mobi Diki tapıb öldürmək və beləcə, hüzura qovuşmaqdır. Amma hekayənin növbəti hissələrində görürük ki, Ahabın əsas dərdi özü ilə idi. Adını Əhdi-Ətiqdəki bir kraldan alan Ahab, əvvəlcə, bir zərbə ilə kor olur, sonra isə ayağından yaralanır və nəticədə ölür.
“Sular birdən halqa-halqa qabarmağa başladı qayıqların ətrafında. Sürətlə su üstünə çıxan bir aysberq kimi yüksəldilər, sonra o aysberqin yamaclarından aşağı axmağa başladılar. Dənizin içindən boğuq göy gurultuları yüksəlirdi. Və nəfəsləri kəsilmiş tayfaların bir nizə atışı önündə üstündə kəndirlər, xəncərlər, nizələrlə dolu nəhəng bir gövdə üzə çıxdı. Göy qurşağının bütün rənglərini əks etdirən tül kimi incə bir çən havada bir an süzüldü, sonra ağır-ağır dalğaların üzərinə səpildi. Mobi Dikin mərmər gövdəsindəki sular ilahi bir fəvvarə kimi göy üzündə yüksəldi balina ilə birlikdə. Sonra isə Ağ Balina bütün əzəməti ilə sulara qərq oldu. “Kürəklərdən yapışın!” – deyə kükrədi Ahab.”
10. Balaca şahzadə / Antuan de Sent-Ekzüperi – “Balaca şahzadə”
“Balaca şahzadə” (fr. Le Petit Prince) ideal görünən və can atılan, əsla yaşana bilməyəcək fantastik bir həyatı təmsil edir. Bu əsər böyüklərin insani və təbii ola bilməyən dünyasına bir üsyandır və bu üsyan bir çox şifrə ilə ifadə edilmişdir. Balaca şahzadənin nə yaşını, nə ailəsini, nə də içində olduğu ətraf mühiti bilirik, amma özünə dost axtaran bir uşaq olduğunu anlayırıq. Sevgi və dostluq anlayışları zəminində insanları tanımağın konkretləşdiyi bir romandır. İlk dəfə 1943-cü ildə yayımlanan “Balaca şahzadə” yazarı Antuan de Sent-Ekzüperinin (fr. Antoine de Saint-Exupéry) həyatından da hissələr daşıyır, sanki. Yazıçının bir pilot olması ilə kitabda danışanın da pilot olması bu bənzərliyə örnək verilə bilər.
“Balaca şahzadə səhranı keçərkən yalnızca bir çiçəyə rast gəldi. Üç yarpaqlı, önəmsiz bir çiçək idi bu. “Sabahın xeyir” – dedi balaca şahzadə. “Sabahın xeyir” – deyə cavab verdi çiçək. Balaca şahzadə: “İnsanlar haradadır? – deyə nəzakətlə soruşdu. Çiçək bir dəfə bir karvanın keçdiyini görmüşdü. “İnsanlarmı?”,- dedi,- “Deyəsən, onlardan 6 və ya 7 dənə var. Bir neçə il əvvəl görmüşdüm. Amma harada olduqlarını heç kim bilə bilməz. Külək sürükləyir onları. Kökləri yoxdur, buna görə də, həyat onlar üçün çətindir.” “Sağ ol”, dedi balaca şahzadə. “Sağ ol”, dedi çiçək.”
11. Robinzon Kruzo / Daniel Defo – “Robinzon Kruzo”
Dillərə düşmüş “Kimsəsiz bir adaya düşsən, yanına alacağın 3 şey nə olardı?” sualından tutmuş, televiziya reklamlarının mövzusuna çevrilməsinə qədər bir çox yollarla şüurumuzda özünə yer tapmış bir macəradır “Robinzon Kruzo” (Robinson Crusoe). Daniel Defonun (ing. Daniel Defoe) romanının ilham mənbəyi ada sürgünündə olmuş Juan Fernandez adasında 4 il tək yaşamış şotland dənizçi Selkrikin hekayəsi hesab olunur. 1712-ci ildə Selkrikin başına gələnləri onu bu tənha adadan xilas edən kapitan Vudes Rogerz (Woodes Rogers) “Dünya çevrəsində gəmiylə bir səyahət” kitabında danışır. Selkrik kapitan ilə arasında baş vermiş bir anlaşılmazlıq nəticəsində bu kimsəsiz adaya buraxılmışdır. Selkrik ilə Kruzo arasında bənzərlik nəzərə çarpır. Lakin bir digər fikrə görə, Daniel Defoya ilham verən İbn Tüfeylin (ərəb: ابن طفيل) “Hayy İbn Yakzan” adlı əsəridir.
“Gözlərimi quruya çəkilmiş olan bir gəmiyə çevirdim, dənizdəki dalğalar və köpüklər elə böyük idi ki, gəmini çətinliklə görə bilirdim, o qədər uzaqda idi ki, birdən – Tanrım! – necə quruya çıxa bildiyimə heyrət etdim. Vəziyyətimin yaxşı tərəflərinə baxaraq özümə təsəlli verdikdən sonra necə bir yerdə olduğumu və bundan sonra nə etməli olduğumu anlamaq üçün ətrafıma baxmağa başladım. Qısa müddət sonra da bütün təsəllilərim təsirini itirməyə başladı. Uzun sözün qısası, qorxunc bir qurtuluş olmuşdu mənimki; çünki islanmışdım, geyinəcək başqa paltarım yox idi, güc qazanmaq üçün yeməli ya da içməli bir şey tapa bilməyəcəyim kimi, önümdə aclıqdan ölmək və ya vəhşi heyvanlara yem olmaqdan başqa bir seçim də yox idi. Mənə, xüsusilə, əzab verən şey isə qarnımı doyurmaq üçün hər hansı bir məxluqu vuracaq ya da öldürəcək və ya öz qarınlarını doyurmaq üçün məni öldürmək istəyəcək başqa məxluqlara qarşı özümü müdafiə etmək üçün bir silahımın olmaması idi. Yəni yanımda bir bıçaq, bir papiros və bir qutu tütündən başqa heç bir şey yox idi. Sahib olduğum hər şey bundan ibarət idi.”
12. Julien Sorel / Stendal – “Qırmızı və qara”
Stendal (fr. Stendhal) Henri Beylin (fr. Marie-Henri Beyle) istifadə etdiyi bir çox təxəllüsdən biri ikən, zamanla yazıçının ədəbiyyat dünyasındakı rəsmi adı olaraq qaldı. Stendal uzun illər yaşadığı İtaliyaya dərin bir eşqlə bağlanmış və hətta, məzar daşına adının “Milanlı Erriko Beyl” olaraq yazılmasını arzulamışdır. Məşhur fransız yazıçının İtaliyanı bu qədər sevməsinin bir səbəbi italyan qadınlarla yaşadığı ehtiraslı eşqlər idisə, digəri də çox sevdiyi anasını kiçik yaşda itirməsi və onun ölümündə günahkar hesab etdiyi atası ilə olan qan bağından uzaqlaşmaq məqsədi ilə yeni bir kimlik axtarmağa başlamasıdır. Anasına duyduğu sevgi ilə, onun əlindən aldığını düşündüyü atasına duyduğu nifrət əsərlərində də öz əksini tapacaqdı. “Qara və qırmızı”da Julien Sorel atası kimi kobud, cahil, sevgisiz bir adamdır. Tez-tez ikiüzlülüyə qədər çatan riyakar Sorel yüksək vəzifədə olmaq arzusu ilə yaşayan, ehtiras dolu bir gəncdir. Buna rəğmən, atası tərəfindən kiçik görülərək aşağılanır. Stendal Julienə, əslində, özündən çox şey qatmışdır.
“Boğucu istilər gəldi. Axşamlar evdən bir neçə addım uzaqlıqdakı ulu bir cökə ağacı altında keçirmək vərdişinə tutuldular. Burada qaranlıq qorxunc idi. Bir axşam Julien həyəcanlı-həyəcanlı danışır, gözəl söz söyləməyin və gənc qadınların yanında olmağın dadını çıxarırdı; əlini qolunu sallayarkən baxçalarda olan o boyama taxta skamyalardan birinin arxalığına söykənən əlinə toxundu madam de Renal’m. Bu əl tez çəkildi, amma Julien ona toxunan bu əlin çəkilməməsinə şərait yaratmağın öz işi olduğunu düşündü.”
13. Piter Kien / Elias Kanetti – “Korluq”
Kanetti adını dünya ədəbiyyatına salan kitab “Korluq”dur. Kanetti 1928-ci ildə bəşəriyyətin dəliliklərini göstərən 8 romanlıq bir əsərlər seriyası planlamış və şah əsəri olan “Korluq”u bu seriyanın ilk kitabı kimi yayımlamışdır. Faşizmin hər növünün incə bir məsxərə ilə təsvir olunduğu bu kitab çap olunan kimi nasist avtoritarları tərəfindən qadağan olunmuşdur. Seriya “Korluq” ilə məhdudlaşdı. Romanın baş qəhrəmanı prof. Kien kitablardan ibarət bir dünyanın adamıdır və kitabxana rəfləri arasında keçən həyatı ona heç də yaxşı bir son hazırlamayacaqdı. Roman fil dişi qülləsində, elmin sığınacağında yaşaya biləcəyini sanan aydını simvolizə edən sineloq (Çin elmləri mütəxəssisi) professor Kienin hekayəsidir. Kien antik dillər haqqında çox bilgili olmasına rəğmən, həqiqi dünyanı açmaqda acizdir. Yazıçı “Korluq”da qatı, həyatın gerçəklərindən qopmuş, doqmatik intellektuallığın, xaos və dağıntının öhdəsindən gələ biləcəyinə inanmağın təhlükələrini müdhiş bir ironiya ilə dilə gətirir.
“Adına həyat mübarizəsi deyilən mübarizəni qarnımızı doyurmaq və sevə bilmək uğrunda olduğu qədər, içimizdəki kütləni öldürmək uğrunda da veririk. Bəzi şərtlər altında bu kütlə fərdi eqoistlikdən tamamilə uzaq və hətta, öz xeyrinə zidd olan davranışlara qədər apara bilir. “İnsanlıq” bir anlayış olmadan və təsiri azalmadan çox əvvəl kütlə kimi mövcud idi. Bu kütlə vəhşi, coşğun, qocaman və hərarətli bir heyvan kimi hamımızın içində, dərinlərdə bir burulğan kimi qaynayır. Kütlə yaşına qarşı olaraq dünyanın ən gənc heyvanı, ən çox özünün yaratdığı hədəfi və gələcəyidir.”
14. Aleksi Zorba / Nikos Kazancakis – “Yunan Zorba”
“Zorba” Nikos Kazancakisin (yun. Νίκος Καζαντζάκης) 1946-cı ildə yayımlanan romanıdır. Əsərdə Aleksi Zorba adında makedoniyalı bir adam ilə həyata qarışmaq məqsədilə Giritə gedib orada bir linyit yatağı işlətmək istəyən intellektual bir adamın kəsişən həyatları nəql edilir. Zorba obrazının gerçəyi nə dərəcədə əks etdirdiyi dəqiq bilinməsə də, əslində, yazıçının özü ilə girdiyi bir növ səssiz hesablaşmadır. Zorba tam bir azadlıq simvoludur. Anı yaşayan, duyğularını çəkinmədən ifadə edən, insanlara da anı yaşamağı öyrədən bir obrazdır. Zorba vətənsizdir, heç bir ölkəyə bağlı deyildir və bu halından olduqca məmnundur. Özündən başqa heç kimə hesab verməyə məcbur deyildir. Haqsızlığa, üzüntüyə və sevincə qarşı sənturu (toxmaqla çalınan musiqi aləti) ilə, rəqsi ilə qarşılıq verən bir adamın hekayəsidir “Zorba”.
“Amma daha işlərimi Zorbaya deməməyə qərar verdim. İşçilər arasında gəzməyimə, suallar verməyimə, araya girib hər zaman işçinin tərəfini tutmağıma şübhə ilə baxdığını görə bilirdim. Zorba dodağını büzərək, “Sahib”,- deyirdi,- “Bir az gəzməsən, olmazmı? Günəş, Tanrının lütfüdür, get!” Amma əvvəllər mən qaldırdım, getmirdim. Sual verir, söhbət edir hər bir işçinin hekayəsini bilirdim: baxmalı olduqları uşaqları, evləndirəcəkləri bacıları, qoca və şikəst ana, ataları. Qayğıları, xəstəlikləri, acıları… Zorba üzünü əyərək mənə: “Onların keçmişini qurdalama, sahib” -, deyərdi -, “Sonra qəlbin mərhəmətlə dolacaq, onları gərəyindən çox, işimizə uyğun olandan çox sevəcək və nə etsələr də, onları bağışlayacaqsan. O zaman da vay halımıza! Bu iş şeytanın yanında bitər, xəbərin olsun! İşçilər sərt rəhbərdən qorxar, çəkinər və çalışarlar; yumuşaq xasiyyətli rəhbərin isə başına çıxıb, tənbəlləşirlər. Başa düşdün?”
15. Qorio ata / Onore de Balzak – “Qorio ata”
Balzakın (fr. Honoré de Balzac) “Qorio ata” romanı qızlarını böyük bir coşğu ilə sevən varlı bir atanın bütün sərvətini qızlarının önünə sərdikdən sonra günü-gündən zəifləməsi, nüfuzunu itirməsi, kürəkənləri ucbatından qızlarının həsrətini çəkməsi, ucuz bir hosteldə qızlarını görmədiyi üçün üzüntü və acı ilə iztirablı şəkildə can verməsi təsvir edilir. Romanın ən qabarıq mövzusu atalıq duyğusudur. Qorio atadakı atalıq duyğusu hər şeyin önünə keçən, özündən başqa bütün duyğuları yox edən, hətta, xəstəlik dərəcəsində olan bir ehtirasdır. Həyat yoldaşının ölümündən sonra iki qızı Qorio atanın bütün varlığına hakim kəsilmişdi. Elə ki, Qorio atadan atalıq duyğusunu çıxarsaq, geriyə heç nə qalmaz. Nəfəs alıb verməsi belə uşaqları üçündür. Qorio ata qızları üçün ömrünü, ruhunu, sevgisini, bütün qazandıqlarını düşünmədən vermiş, lakin qızları ölüm döşəyində onu tək buraxmışdır. Qoca adam ölüm döşəyində qızlarının adını sayıqlayır, onları necə çox sevdiyini söyləyir.
“Ah, zəngin olsaydım, sərvətimi saxlasaydım, onlara verməmiş olsaydım, indi burada olardılar, öpüşləri ilə yanaqlarımı yalayardılar. Bir imarətdə yaşayardım, gözəl otaqlarım, xidmətçilərim, sobam olardı; göz yaşı tökərdilər yatağımın yanında, ərləri ilə, uşaqları ilə. Bütün bunlar mənim olardı. İndi isə heç. Pul hər şeyi verər adama, qızlarını belə. Ah, pulum, pulum haradadır? Onlara buraxacağım dəfinələrim olsaydı, yaralarımı sarıyardılar, baxardılar mənə; səslərini eşidərdim, üzlərini görərdim… Zəngin olmaq istərdim: görərdim onları. Vallah, kim bilər? İkisi də daş ürəkli. Onları o qədər sevirdim ki, onların da məni sevməsi mümkünsüz idi. Ata deyilən adam hər zaman zəngin olmalı, qızlarını həyəcanlı bir at kimi görməli, cilovlarını buraxmamalıdır. Mənsə onların önündə diz çökürdüm.”
Mənbə: http://www.leblebitozu.com/dunya-edebiyatinin-en-unutulmaz-15-roman-kahramani/
Redaktə etdi: Fatimə Əliyeva