Edip kompleksi: mifologiya və psixologiya

Post date:

Author:

Category:

Oedipus
“Kor Edip uşaqlarını tanrılara tapşırır”, Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Edip kompleksi Freydin yaradıcı bir fikri, yoxsa əsrlər əvvələ dayanan bir hekayədir?

Sənət, tarixelm bir-birlərinə daim təsir edən qarşılıqlı əlaqədə olan sahələrdir. Bu qarşılıqlı əlaqədən ortaya çıxan nəticələr isə bizim düşünmə prosesimizi formalaşdırır, bu səbəblə bir mövzunu sadəcə tək bir konteksdən təhlil etmək onun potensialının bütününü mənimsəməyə mane olacaqdır. Bu yazıda da Edip kompleksi konsepsiyasının bir mif olmaqdan çıxıb müasir psixoanaliz ədəbiyyatında yer tapması haqqında bəhs ediləcəkdir.

Dövrümüzdə Edip kompleksi Freyd tərəfindən tanınmış olsa da, konsepsiyanın yaranma mənbəyi e.ə. 5-ci əsrdə ortaya çıxan bir tragediya nümunəsidir. O vaxtdan bəri müxtəlif teatr tamaşalarının, romanların, filmlərin mövzusunu təşkil etmişdir.

oedipus ve sfenks
“Sfinksin suallarını cavablayan Edip”, yunan vazasından ilhamlanaraq yaradılan qravüra

Bir mifin yaranışı: Edip

İlk olaraq e.ə. 5-ci əsrə söykənən yunan mifi ilə söhbətə giriş etmək doğru olar. Edip və ailəsinin hekayəsi antik yunan tragediyası üçün önəmli bir ilham mənbəyi olmuşdur. Sofokl e.ə. təxminən 420-ci ildə “Kral Edip” adlı əsərində bu tragediyadan bəhs etmişdir.

Bəs bu tragediyanın mövzusu nədir?

Teb antik şəhərində cərəyan edən bu hekayə kral Lay və kraliça İakostanın bir oğulları olması ilə başlayır. Delfi şəhərindən gələn, tanrı Apollonun münəccimlərindən biri olan Piti (Pythie) adlı qadın ailəyə kəhanəti açıqlayır: oğulları atasını öldürəcək və anası ilə evlənəcəkdir.

Bu dəhşətverici xəbərin üstündən kral xidmətçilərinə oğulları Edipi dağlıq bir ərazidə ölümə tərk etmək tapşırığı verir. Lakin bir çox hekayədə də rast gəldiyimiz kimi xidmətçinin körpəyə yazığı gəlir və onu Korinf şəhərindən gələn Forbas (Phorbas) adlı çobana verir.

Çoban isə körpəni Polibi (Polybe) adlı Korinf kralının yanına aparır və kral uşağı olmadığı üçün Edipi oğlu kimi yetişdirməyə qərar verir. Edip Korinf şəhərinin rəsmi varisi olur. Bir gün bir mübahisədə kral, Edipə övladlıq olması ilə bağlı həqarət edir və bundan şübhələnən Edip, Delfi kahininin yanına gedir və ondan gerçək ailəsi haqqında soruşur, lakin aldığı cavab sadəcə atasını öldürəcəyindən və anası ilə evlənəcəyindən ibarət olur.

Özünü yollara vuran Edip bir dördyol ağzına gəlib çıxır. Antik yunan mədəniyyətində dördyol uğursuz bir məkan olaraq qəbul edilməkdədir. Edip bu dördyolda yaşlı bir adamla qarşılaşır, lakin adam ona yol vermədikdə mübahisə edirlər və yaşlı adam ölür. Bu yaşlı adam isə illər öncəki kəhanəti təsdiqləyən atası Laydan başqası deyildir.

oedipus ve sfenks
Qustav Moru (Gustave Moreau), “Edip və Sfinks”, 1864, 206. 4 cm x 204. 8 cm, Metropolitan muzeyi

Yoluna davam edən Edip Teb şəhərinə çatanda şəhərə Sfinks adlı yarı insan, yarı aslan olan bir məxluq tərəfindən hücum edildiyini görür. Sfinks hər keçən adamdan bir tapmaca soruşur və bilməyənləri yeyir. Tapmaca isə belədir: “Səhər dördayaqlı, günorta ikiayaqlı, axşam üçayaqlı olan canlı kimdir?”

Edip doğru olan “insan” cavabını verir və Sfinksi məğlub edir. Teb şəhərinə rahatlıq gətirdiyi üçün taxtın sahibi olur və kraliçaya sahib çıxır. Bu kraliçanın – anası İkaosta olduğundan xəbərsiz olan Edipin ondan dörd uşağı olur. Bu uşaqlardan Antiqona sonralar bir çox əsərə mövzu olacaq olan şəxsdir. Bir neçə il sonra şəhərdə bir epidemiya baş verir.

Tam olaraq bu nöqtədə Sofoklun əsəri başlayır, çünki ənənəvi mif öncədən yaşanan hekayədən bəhs etməkdədir, lakin indi hekayədən çox sonra baş verən hadisələr danışılacaq və təhlil olunacaqdır. Uğursuzluğun şəhərə gəlməsi səbəbi ilə kahinlərə müraciət olunur və kəhanətə görə Layın qatili tutulmadan bu lənət şəhərin üstündən qalxmayacaqdır.

Edip bir çox macəradan və araşdırmadan keçir, Sofoklun əsərində bu araşdırma prosesi əhatəli olaraq təsvir edilir. Sonrasında qatilin özü olduğunu və anası ilə evləndiyini öyrənir. İakosta oğlu ilə evləndiyini öyrəndikdə özünü asır və Edip də gözlərini kor edir və şəhərdən sürgün edilir.

Antik yunan şəhərlərində ən böyük tabulardan olan və günümüzə qədər öz ciddiyyətini qoruyan ensest, ata qatili kimi günahlara görə ən kiçik güzəşt qəbul olunmurdu və şəhərin idarəsini pozub uğursuzluq gətirməməsi üçün bu insanlar sürgün olunurdu.

Sofokles Büstü
Sofoklun büstü, Puşkin muzeyi

Freyd və Edip mifinin psixoanalizi

Psixoanalizin qurucularından qəbul edilən Ziqmund Freyd 1856-cı ildə anadan olmuş və 1939-cu ildə vəfat etmişdir. Edip kompleksi Freydin tədqiqatlarında önəmli bir yer tutur.

Qısaca, bu kompleks kiçik oğlan uşaqlarında şüursuz bir şəkildə atalarını düşmən və rəqib olaraq görərək onlardan xilas olma və anaları ilə yaxınlaşma arzusu kimi açıqlana bilər.

Freyd bu kompleksin şəxsin yeniyetməlik dövrünə çatması ilə eyni vaxtda şüurlu cinsi yaxınlaşmalar yaşaması nəticəsində ortadan qalxdığını söyləyir.

Freydin Edip kompleksində bu mifdən yararlandığını göstərən bir çox mənbə vardır. İlk olaraq, 15 oktyabr 1897-ci ildə həkim Vilhelm Flesə (Wilhelm Fliess) yolladığı bir məktubda öz avto-psixoanaliz təcrübəsindən bəhs edir.

Çııxardığı nəticə isə bu kompleksin istisnasız hər uşaqda olduğu və yeniyetməlik dövrü ilə bərabər aradan qalxmadığı təqdirdə əqli pozğunluq ilə nəticələnəcəyidir.

Sigmund Freud
Ziqmund Freyd, 1856-1939-cu illər

İkinci olaraq, 1917-ci ildə “Psixoanalizə giriş” adlı kitabında Edip mifindən faydalanaraq öz nəzəriyyəsini sübut edir: əgər e.ə. 5-ci əsrdə də bu mövzudan bəhs olunursa, deməli, bu, insanın təbiətində vardır və hamı üçün keçərlidir. Nəzəriyyəsini sübut etmək məqsədi ilə spesifik olaraq Sofoklun Edip hekayəsindən faydalanır. Beləliklə, mifin ümumi vəziyyətindən daha təfərrüatlı bir versiyanı ələ alaraq nəzəriyyəsini gücləndirməsi mümkün olur.

Freyd Edipin süjet boyunca kral Layın qatilini axtarmaq üçün başına gələn bütün hadisələri əslində kim olduğunu axtarıb-tapmaq üçün keçən bir müddət olaraq təsvir edir. Eyni zamanda Sfinksin tapmacasını taparkən öz mövcudiyyətinin də tapmacasını tapmış olur.

Sofoklun əsərində süjet xronoloji olaraq irəliləsə də, hadisələrin həlli və təməlinə irəliləyiş tərsinə gerçəkləşməkdədir. Bu, tərs xronoloji psixoanalizdəki keçmişə qayıdaraq problemlərin həllini tapma müalicəsinin əsasını təşkil edə bilər. Bir növ əqli arxeologiya olaraq tanımlana bilər.

Oedipus ve Antigon
Çarlz Yalabert (Charles Jalabert), “Edip və Antiqona”, ya da “Teb vəbası”, 1843, Marsel gözəl sənətlər muzeyi

Freydin nəzəriyyəsinə qarşı fərqli yanaşmalar

Psixoanalist Dider Anzyu (Didier Anzieu)

Psixoanalist Dider Anzyu (Didier Anzieu) 1966-cı ildə “Miflərin kompleks və şərh əvvəlində Edip” adlı araşdırmasında antik yunan miflərinin ümumiləşdirilmiş psixoanalitik təhlilini verir.

Anzyuya görə miflərin əksəriyyətində ensest, atasını öldürmək kimi günahlar mövcuddur və Edipə məxsus deyildir. Buna nümunə olaraq Hesiodun “Teoqoniya”sında adı keçən Uran və Xronosun hekayəsinə toxunur. İlk olaraq, Uranın yaradıcı Geya ilə birlikdə olması ensest nümunəsidir.

Sonrasında Xronosun atası Uranı qovmasından bəhs edir. Lakin burada əsas məqam bir Edip üçbucağı deyildir. Çünki bu mifdə Geya bir qadın fiquru yox, onların yaradıcısıdır.

Bundan əlavə, Edipin hekayəsi ilə təmamilə uyğun gəlməsi üçün Xronosun atası Uranı öldürüb onun yerinə keçməsi lazımdır, lakin burada elə bir şey baş vermir. Xronos atasını səmaya qovur ki, qardaş və bacıları yer üzünə çıxa bilsin.

Oedipus
Fulkran-Jan Harriet (Fulchran-Jean Harriet), “Edip Kolonda”, 1798, 157 cm x 134 cm, Cleveland sənət muzeyi, Sofoklun bir başqa tragediyasından ilhamlanaraq yaradılmışdır

Kompleks olmadan Edip: Mifə xalqın gözündən baxmaq

Tarixçi Jan-Pyer Vernant Anzyunun məqalələrindən yola çıxaraq mövzuya bir tarixçi və antik dövr mütəxəssisi olaraq yanaşıb, mövzunu Freydin nəzəriyyəsindən ayrı bir şəkildə təhlil etməyi qarşısına məqsəd qoyur.

Bu prosesdə iki əsas xüsusiyyəti müəyyənləşdirir:

  1. Gerçəyi mifdəki kimi ələ almaq. Yəni Edipin nə atasını öldürərkən, nə də anası ilə evlənərkən heç bir instinktiv səbəbi yox idi, onların kim olduğunu belə bilmirdi.
  2. Freydin metodunu, Edip mifi ilə e.ə. 5-ci əsrin siyasi ideologiyası daxilində təhlil etmək. Layı dördyolda öldürməsi və ya İakosta ilə evlənməsi Freydin müdafiə etdiyi kimi şüuraltının bir məhsulu deyil, çünki heç biri Edip üçün valideyn fiqurları deyildi, belə olduqda Vernant bu nöqtədə cəhaləti əsas tutmuş olur.
Çocuk Oedipus çoban Phorbas tarafından kurtarılırken
Antoni-Denis Kaudet, Körpə Edip çoban Forbas (Phorbas) tərəfindən xilas olunarkən, 1800-cü illər, 196 cm x 82 cm, Louvre muzeyi

Vernantın yanaşması iki elmin zidliyində özünü tapmış olur. Çünki Vernanta görə önəmli olan bir digər məqam Sofoklun e.ə. 5-ci əsrə aid əsəridir və bu əsər belə mövzudan bəhs edən ilk mənbə deyil. Digər yandan, Freyd Vianada 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində yaşayıb. Belə ki, bu dövr və mədəniyyət fərqi Freyd üçün vacib bir dəyişəndir.

Vernanta görə bu mövzu dövrün sosial, tarixi, mədəni, siyasi, hətta dini səviyyəsinə uyğun olaraq təhlil olunmalıdır və yeni dövr Avropasının burjua baxışı ilə təhlil oluna bilməz.

E.ə. 5-ci əsrdə tragediya sadəcə bir sənət forması deyil, eyni zamanda sosial bir məfhum idi. Pyesləri izləməyə xalqla bərabər şəhərin dini və siyasi xadimləri də qatılırdı. Antik demokratik Afina şəhərində tragediyalar siyasi mübahisələr üçün istifadə olunurdu. Şəhərin dəyərlərini və ideologiyasını sarsa biləcək hadisələri təhlil edib silsilə həllərin təqdim olunduğu bir fəaliyyət idi.

Sofoklun əsəri isə tiranlıqla bağlı bir tənqidi əks etdirir. Edip avtoritar, gücünü paylaşmayan, şöhrətpərəst və hətta zorakı xarakterli biridir. Fərqində olmasa belə, bu xüsusiyyətləri ana və atasının ölümünə səbəb olur.

Tam da bu məqamda antik yunan mədəniyyətinin toxunulmaz dəyərlərini gözardı edir. Ensest, cinayət kimi günahlar cəmiyyətdə mədəniyyətin və demokratiyanın gücünü sarsdığından, hətta Platonun “Dövlət” əsərində bəhs etdiyi kimi insanı mədəni varlığından uzaqlaşdırıb bir vəhşiyə çevirdiyi üçün çox böyük cəzalara layiqdir.

Edipin də aldığı cəza sürgün olunmaq və demokratik bir şəhərdən, təhlükəsiz və birlik içindəki yaşam tərzindən uzaqlaşdırılmaq olur.

Kör Oedipus'a yol gösteren Antigon
Kristofer Vilhelm Ekserberq (Christoffer Wilhelm Eckersberg), “Kor Edipə yol göstərən Antiqona”, 1812, 61. 5 cm x 50 cm, Natonalmuseum, İsveç

Qədim Yunanıstanda günahlar və cəzalar

Son olaraq bu anlayışların dövrün antik şəhərlərində yaratdığı təsir və bunun nəticəsində görülən tədbirləri başa düşmək məqsədi ilə bəzi spesifik dini və hüquqi sanksiyalar təhlil olunmalıdır.

Farmakos (Pharmakos) dini ayini

Hər il şəhərdə bir vətəndaş günahları, kirlənmiş dəyərləri səbəbi ilə seçilir və sürgün edilir. Bununla da, cəmiyyət paklanır və pisliklərdən təmizlənir.

Sürgün

Demokratiya üçün təhlükə yaradan insanlar on il boyunca şəhərdən sürgün olunur. Bu insanlar, adətən, şəhər içində məşhur olan, lazım olandan daha çox güc əldə edərək demokratiyanın bərabərlik prinsipinə təhdid təşkil edən şəxslərdir. Diktatorluğa tərif yağdıran mühitin demokratiyaya sahib çıxmaq baxımından qarşısı alınmalıdır.

Nəticə etibarı ilə, bir mif təsvir olunma formasına, içində olduğu baxış tərzinə bağlı olaraq bir çox baxımdan təhlil olunmalıdır. Edipdə də olduğu kimi aktual və müasir analizlər üçün miflər mənbə təşkil edə bilər. Freydin nəzəriyyəsi bugünkü psixoanalizdə hələ də böyük bir rola sahibdir. Freyd, Edip kompleksi mifini yaratmışdır.

“Kral Edip”, 1931, 44, 1 cm x 28, 4 cm, Liebig kolleksiyası

Mənbə:

Oedipus Kompleksi – Mitoloji ve Psikoloji

Redaktə etdi: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
20,400SubscribersSubscribe

INSTAGRAM

Rosenhan təcrübəsi – Ağıllı və dəliləri həqiqətən də, fərqləndirə bilirik?

Stanford universitetinin professoru David Rosenhan 1973-cü ildə psixiatrların (əslində elə bütün cəmiyyətin) psixologiyası normal olan və olmayan şəxsləri həqiqətən fərqləndirib-fərqləndirməyəcəyini görmək...

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm