“Simvolik fiqurlar özünü sərbəstcə ifadə etməsinə imkan verilməyən rəssamın əsilzadə olduğunu və yalnızlığını ifadə edirdi.”
16 dekabr 1908-ci ildə İspaniyada doğulan Remedios Varo kiçik yaşlardan etibarən özünü rəsmlə ifadə etməyə başladı. Sənətini dünyaya göstərmək əzmi ilə yaşayan rəssam qısa zamanda şeirdən və xəyal gücündən özünə xas bir kainat yaratdı. Varonun hidravlik mühəndisi olan atası rəssamın sənətinə ən çox təsiri olmuş insandır. Atası Rodriqo Varo y Zajalvo (Rodrigo V. Z.) işinə görə İspaniya və şimali Afrika boyunca səyahət edirdi. Anası İqnasia Uranqa Berqareçe (Ignacia Uranga Bergareche) isə qatı bir katolik idi. Anası ilə yaxın münasibətdə olmasına baxmayaraq, katolikliyi klostrofobik (qapalı yerdə qalma qorxusu) hesab edirdi.
Atasının açıq dünyəvi inanclarını daha təbii hesab edərək ona meyil göstərdi. Edqar Allan Po (Edgar Allan Poe), Jül Vern (Jules Verne) və Aleksandr Dümanın (Alexandre Dumas) əsərlərini sevərək oxudu. Varonun incəsənət təhsili atasının müxtəlif layihələrinin texniki planlarını və memarlıq diaqramlarını kopyalamağa çalışdığı uşaqlıq illərində başladı. Detal üçün bir çubuq çəkməsi ilə Varo işləri üzərində yenidən çalışdı və beləcə mükəmməlliyətçiliyin ömür boyu davam edən xüsusiyyətinə sahib oldu. Varo gənc yaşda atasından mühəndislik texnikalarından istifadə etməyi öyrəndi. Fantaziyasını bu texniki vasitələrə əks etdirən rəssamın bir çox əsəri həmin illərin bir inikasıdır.
15 yaşında Madriddə San Fernando Akademiyasında təhsil almağa başladı. Akademiyanın incəsənət atmosferi sayəsində rəssam sürrealist cərəyandan xəbərdar oldu. O dönəmdə çox moda olan sürrealizmdən təsirlənən Varo duyğularını fiqurlar və simvollarla ifadə etməyin çox cəlbedici olduğunu düşündü. Barselonada sürrealist şair Benjamin Pere (Benjamin Péret – 4 iyul 1899 – 18 sentyabr 1959) ilə tanış olan rəssam qısa müddət sonra onunla evləndi. Cütlük İspaniyada davam edən iç müharibədən qaçmaq və Parisdəki daha avanqard mühitin bir parçası olmaq üçün Fransaya köçdü. Varo 1937-1939-cu illərdə Parisdəki sürrealist incəsənət mühitində aktiv şəkildə özünü göstərirdi. Bu dönəmdə rəssam daha əvvəlki illərdə öyrəndiyi texnika ilə fövqəladə qabiliyyətini birləşdirərək mükəmməl bir üsul yaratdı. Bu dövrdə dostluq yaratdığı digər sürrealist sənətçilər arasında Leonora Kerinqtn (Leonora Carrington), Roberto Matta, Qunta Gerzo (Gunther Gerzso) və Frida Kahlo da vardı.
Nasistlərin Fransanı işğal etməsi ilə Varo və həyat yoldaşı ölkədən qaçmaq məcburiyyətində qaldı. Bir neçə ev əşyası sataraq az miqdarda pul yığa bilən cütlük Marsilyadakı nüfuzlu bir dostlarının köməyilə buxarlı bir gəmi bileti aldılar. Perenin solçu-siyasi münasibətləri və İspaniyadakı sosialist qrupları dəstəkləməsi ucbatından digər sürrealist köçkün sənətçilərlə birlikdə Nyu Yorka getməsi qadağan olundu. Ona görə də, cütlük aylarla pulsuz vəziyyətdə Kasablankada gözləməli oldu.
Meksika hökumətinin ispan siyasi köçkünlərinə verdiyi kiçik bir aylıqdan başqa heç pulu olmayan cütlük 1941-in noyabrında uzun və zor bir səyahətin ardından Mexiko şəhərinə çatdı və şəhərin antik Aztek mərkəzinə çox da uzaq olmayan və İnqilab heykəlinin yanındakı Gabino Berrida-da köhnə bir binaya köçdü. Varo dərhal ailənin dolanışığını öz üstünə götürdü, ancaq bu məcburiyyət önündəki 10 il ərzində rəssamın sənətindən enerji və zaman oğurlayacaqdı. Bu dönəmdə hamilə qalan Varo maddi vəziyyətləri pis olduğu üçün abort etdirməli oldu və nəticədə abortun yan təsirləri üzündən həyatı boyu heç vaxt uşağı olmadı.
Cütlük Meksikada özləri kimi mühacir rəssam və yazıçılardan ibarət aktiv bir qrupa daxil oldu. Bu qrupda olan ingilis rəssam Leonora Kerinqtn ilə Varo arasında zamanla güclü bir dostluq yarandı və bu iki qadın rəssam birlikdə öz üslublarına və ehtiyaclarına daha uyğun olan yeni bir görüntü dili yaratdılar. Mistisizmlə bağlı ikili hekayələr, xəyallar və sehrli eliksirlər paylaşaraq rəsmlərindən həyat səyahətlərinin bir sənədi kimi istifadə etdilər.
Varo 1950-də Meksikada uğurlu bir iş adamı olan avstraliyalı mühacir Volter Qren (Walter Gruen) ilə evləndi. Qrenin maddi və mənəvi dəstəyi Varoya ilk dəfə özünü tamamilə sənətinə həsr etməsinə imkan yaratdı. Nəticədə, ciddi şəkildə işlədi və məhsuldar hala gəldi. Həyatının son 13 ilində yaratdığı rəsmləri ən uğurlu və ən çox tanınanlar arasına girdi. Hər şeyin bir-birinə bağlı olduğu bir kainatda fərdi tarazlığı daha yaxşı şəkildə çatdırmağı ümid edərək dərin, hissiyyatlı və çoxmənalı rəsmlər çəkmişdi.
Varo bu dövrdə zərif biçimdə sirrli və özünəməxsus olmaqla bərabər, yetkin və diqqətəlayiq bir üslub yaratdı. Ümumilikdə öz hazırladığı sıxışdırılmış lif lövhələr üzərində yağlı boya ilə işləyən rəssamın rəngləri hər nə qədər yağlı boyanın qarışıq quruluşuna sahib olsa da, fırça texnikası əsasən, tempera texnikasını xatırladacaq biçimdə bir-birinə yaxın bir çox güclü fırça toxunuşundan ibarətdir. Varonun əsgərlərinin alleqorik təbiəti İeronim Bosxun (Hieronymus Jerome Bosch) rəsmlərini xatırladır. Belə ki, bəzi tənqidçilər və incəsənət tarixçiləri rəssamın sənətini sürrealizm ənənəsi içində “postmodernist bir alleqoriya” kimi izah edirlər.
Varonun ilhamlandığı digər sənətçilər arasında Fransisko Qoyya (Fransisco Goya), El Qreko (El Greco), Pikasso (Picasso) və Brak (Braque) də vardı. Andre Breton da sürrealizm anlayışında rəssama forma olaraq təsir etməklə bərabər, sənətçinin bəzi rəsmləri yunan əsilli İtaliyalı rəssam Corco de Kirikonun (Giorgio de Chirico) sürrealist yaradıcılığına işarə edəcək qədər yaxınlıq vardır. Həm də Meksikanın Kolumb öncəsi incəsənəti dönəmin bir çox meksikalı rəssamı kimi Varoya da təsir etmişdi.
Rəssamın əsərləri ilə aşağıdakı videodan da tanış ola bilərsiniz:
Fəlsəfi tərəfdən baxıldıqda Remedios Varo istər qərbə, istərsə də, şərqə aid bir çox hermetik (red. hermetizm – ellinizm dövründə yaranmış və yayılmış mistik dini-fəlsəfi təlim) və mistik ənənədən ilham almışdır. Karl Qustav Yunqun (Carl Gustav Yung), Corc Qurdcev (G.I. Gurdjieff), Ospenski (P. D. Ouspensky), Yelena Blavatskaya (Helena Blavatsky) və ya Mayste Ekartın (Meister Eckhart) nəzəriyyələrinə maraq duyduğu qədər, mistisizm, I-Ching (red. «Dəyişikliklər haqqında traktat (kitab)» adlanan əsər qrafik simvollardan və onların izahından ibarətdir. erkən dövr Çin fəlsəfi mətnlərindən biridir.), müqəddəs həndəsə, kimyagərlik və Müqəddəs Kasa əfsanəsi kimi mövzulara qarşı da dərin bir maraq duyurdu. Varo bu fəlsəfə və texnikaların hər birinin özbilgiyə və şüurun dönüşümünə gedən bir yol olduğuna inanırdı.
Remedios Varo ilk fərdi sərgisini 1956-cı ildə Mexiko City-dəki Diana qalereyasında açdı. 1958-də isə “Salon de la Arte de Mujer”-də ikinci fərdi sərgisini təşkil etdi. Təmsilçisi Xuan Martin (Juan Martin) 1960-da öz qalereyasını açdı və işlərinin, demək olar, hamısını sərgilədi. Qalereya o qədər uğurlu idi ki, Martin 1962-də ikinci bir qalereya da açdı. 1971-də ölümündən sonra “Museo de Arte Moderno”-da açılan retrospektiv (red. keçmişə aid olan) sərgisi Meksika tarixindəki ən böyük kütlə tərəfindən gəzilən sərgi olaraq rekord qırdı. Günümüzdə ölkənin ən önəmli qadın rəssamlarından biri olaraq qəbul edilən Remedios Varo başda müvəqqəti olaraq qalmaq üçün gəldiyi Meksikada 1963-də karyerasının zirvəsində ikən ürək tutmasından həyatını itirdi.
Ölümündən sonra “Novedades”-in incəsənət tənqidçiləri onu “Meksika incəsənətinin ən fərdi və fövqəladə rəssamlarından biri” adlandırdı. Böyük bir kitab olan “Obras de Remedios Varo” ilk retrospektivi davam etdirərək yayımlandı. Növbəti illərdə Varonun sürrealizmi sonrakı nəsillər boyunca və xüsusilə də qadın tətbiqçilər üzərində qalıcı təsiri olacağı aydın idi.
Remedios Varo fırçasından bəzi rəsm əsərləri:
Mənbə:
https://m.theartstory.org/artist-varo-remedios-artworks.htm#pnt_1
Redaktə etdi: Fatimə Əliyeva