Taun (lat. pestis), — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat.Yersinia pestis) tərəfindən törədilən infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə, taun “Beynəlxalq tibbi-sanitariya qaydalarının” şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir.
Taun epidemiyası çox qədimdən, eramızdan xeyli əvvəl məlumdur.
Xəstəliyin adı “cuma” (paxla) ərəb sözündən törəmişdir. Bunun səbəbi infeksiyanın tez-tez baş verən xarakterik simptomudur – iltihablaşmış limfatik düyünlərin böyüyərək xarici görünüşünə görə paxlaya bənzəmələridir. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Taun çox vaxt milyonlarla insanın ölümünə bais olan, böyük əraziləri viran qoyan pandemiya xarakteri almışdır.
Bəşər tarixində taunun üç pandemiyası məlumdur:
1. VI əsrdə baş verən birinci pandemiya tarixə “Yustinianın taunu” adı ilə daxil olmuşdur. O, Misirdə başlamış, Yaxın Şərq ölkələrinə yayılmış və Avropaya keçmişdir. Bu pandemiya zamanı təxminən 100 min insan tələf olmuşdur.
Rəvayətə görə, 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori Adrian qəsrinin üzərində mələk Mikayılı taun epidemiyasının sonunun çatmasına işarə olaraq, qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır.
2. XIV əsrdə baş vermiş “Böyük”, yaxud “qara ölüm” adlı, 50 milyondan artıq insan təlafatına səbəb olmuş ikinci pandemiya Çində başlamış, Hindistana, Afrikaya, Avropaya, hətta Rusiyaya yayılmışdı. Təkcə 1352-ci ildə Avropa əhalisinin 1/3 hissəsi – 25 milyon insan taundan məhv olmuşdu. 1442-ci ildə Venesiyada və demək olar ki, eyni vaxtda Rusiyada ilk dəfə olaraq taun əleyhinə karantin tədbirləri tətbiq edilmişdi.
3. Taunun üçüncü pandemiyası 1894-cü ildə Honkonqda başlamışdı, sonrakı 10 ildə dəniz gəmilərindəki siçovullar vasitəsilə dünyanın 100-dən artıq (!) limanında xəstəlik yayılmışdı. 12 milyondan artıq insan qırılmışdı. Üçüncü pandemiya zamanı böyük kəşflər edilmişdi, törədici mikrob müəyyən olunmuş (Q.İ. Minx, 1878, A. İersen, S. Kitazato 1894), xəstəliyin yayılmasında siçovulların, çöl gəmiricilərinin və birələrin rol oynadığı tapılmışdı. 1802-ci ildə D. Samoyloviç birinci dəfə taun əleyhinə ilk vaksinasiya təşəbbüsü göstərmişdi. Effektiv vaksinasiya isə 1926-cı ildə işlənib hazırlanmışdı.
Bundan başqa, bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvələrində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda və başqa zaman və məkanlarda dəfələrlə geniş taun epidemiyaları qeydə alınıb.
Bütün bu məlumatlar taun haqqında olan faktlardır. Amma taunla bağlı heyrətləndirici şeylər təkcə bunlar deyil.
Vəbalı xəstələri müayinə və müalicə edərkən xəstəliyin tənəffüs yoluyla yoluxmasının qarşısını almaq üçün Orta dövr həkimlərinin taxdığı maskaları görən hər bir insan sanki maska deyil də, alt hissəsi insana, üst hissəsi qarğaya aid olan bir canlı görürmüş kimi qəribə hisslər keçirir. Təkcə maskanı görmək insanı vahimələndirməyə kifayət edir.
Marseldə 1720-ci illərdəki vəba epidemiyası ərzində həkimlərin geyindiyi, onları Qədim Misir tanrılarına bənzədən qoruyucu quş başlı geyim həkimi təpədən dırnağa qədər örtərdi. İri dimdiyin içində xəstəliyin havadan yoluxmasının qarşısını almaq üçün xoş qoxulu otlar olurdu. Əlcəkli əllərində tutduqları çubuğun ucunda ağac saqqızı (ağaclarda olan yapışqan maddə) yanar və o zamankı inanca görə havanı təmizlədiyinə inanılırdı. Gözlər belə kristaldan hazırlanmış lupalarla qorunurdu. İllüstrasiyada orta əsrlərdə həkimlərin özlərini taundan necə qoruduğu göstərilir.
Hər hansı evdə xəstəlik olardısa, o evin qapısında bu qorxulu plakat asılırdı.
1347-1351-ci illər arasındakı taunlu günlərdə “ Qara ölüm” Avropa nüfuzu üzərində böyük təsir yaratmış və Avropanın sosial təməllərini dəyişdirmişdi. Roma katolik kilsəsi devrilmiş, xristianlar, yəhudilər, müsəlmanlar – hər kəs sabaha inam olmadığı üçün yalnızca bu gününü yaşayır, həyatdan maksimum həzz almağa çalışırdı. Hedonizm – həzzçilik bu dövrlərdə sağlam insanların həyat fəlsəfəsinə çevrilmişdi. Bütün bunlar Bokkaççonun 1348- 1353-cü illərdə yazdığı “Dekameron” əsərində özünü göstərir. Epidemiya boyunca görüb eşitdiyi hadisələrdən təsirlənən Bokkaçço “Dekameron” -da epidemiya günlərini təsvir edir. 10 gün ərzində danışılan 100 hekayənin mövzuları xoşbəxtliklər, qadın-kişi münasibətləri, qəlb yaraları, yerində verilən cavablar, öz mənafeyi uğrunda çalışan din adamlarıdır.
Atalar oğullarını, analar övladlarını tərk edirdi!
Bokkaço “Dekameron” -da başqa təsvirlər də verir. O, epidemiya günlərinin Florensiyasını belə ifadə edir:
“ Atalar oğullarını, analar övladlarını tərk edir, xidmətçilər xanımlarından qaçır, notariuslar ölülərin son arzularını qeyd etməkdən vaz keçir, həkimlər, rahiblər və rahibələr xəstələri ziyarətə getmirdi. Heç kim xristian adətlərinə uyğun basdırılmırdı. Evlər bir məzarlığa çevrilmişdi.”
Xəstəlik insana gözləmədiyi bir vaxtda, özünü qorumağına rəğmən yoluxa, sonra da öldürə bilərdi. İnsan həyatının bu dərəcədə ucuzlaması səbəbindən ədəbiyyatçılar “anı yaşamaq” , “sabahı düşünməmək” kimi mövzuları vurğulamağa başlamışdılar.
Əsasən Qərbi Avropada yayılmış bu xəstəlik mikrobu dünya əhalisinin sayının 500 milyon olduğu bir dövrdə 100 milyon (1/5!) insanın ölümünə səbəb olmuşdu. “Qara ölüm” ə səbəb “Yersinia pestis” adlı bir bakteriyaydı və bu bakteriyanın yol açdığı epidemiya siçanlar və birələr vasitəsi ilə ticarət yolları ilə bütün dünyaya yayıla bilmişdi.
Tarixi olaraq ən qədim qeydlərdən biri olan Tövratda taundan bəhs edən bir çox mətnə rast gəlmək olar. Bunlardan birində Musa peyğəmbər İsrail oğullarını fironun zülmündən xilas etmək üçün göndəriləndə, buna qarşı çıxan firon qövmünə Allahdan bir əzab olaraq taunun göndərildiyi yazılır. Eyni motivə Tövratda başqa yerdə də rast gəlmək mümkündür. Taun epidemiyasından xilas olmaq üçün isə yalnız Allahdan bağışlanma diləmək və qurbangahda Allaha qurbanlar vermək lazımmış. Amma taundan xilas ola bilməyən insanlar çarəni başqa yollarda axtarırlar.
Orta dövrdə Taun təhlükəsinə görə insanlar yandırılır.
Bəzi cəmiyyətlərdə epidemiyanın səbəbini bürclərlə (astrologiya ilə) , müxtəlif xurafatlarla, cadularla əlaqələndirirdilər, hətta taun xəstələrinin cadulandığı düşünülərək yandırılması faktları da var. Bəzi toplumlar isə kasıbın, varlının, yüksək vəzifəlinin – hər kəsin qarşısında çarəsiz qaldıqları bu epidemiyanı “ Tanrının qəzəbi” olaraq qəbul edir, çarəni bəzi bütlərə, müqəddəslərə sığınmaqda və müqəddəslərdən qalan bir qisim əşyalara sığınmaqda görürdülər. Onlar müqəddəslərdən geri qalan əşyalarla şəhəri dolaşır, bununla da xəstəliyə çarə olacağını düşünürdülər. Beləliklə, “din adamları” həkimlər üzərində üstünlük qazandı. Din adamları xaçlarla, şamlarla, şeytan çıxarma ayinləriylə xəstəliyi yox etməyə, dəf etməyə çalışırdılar. İnsanlar heç cür bu xəstəlikdən qurtula bilmir, əllərini hansı yola atsalar, boş ümidsizliklə qarşılaşır, vəbadan can qurtara bilmirdilər.
Hətta Tanrının qəzəbini soyutmaq üçün ən çox əl atılan “həll yollarından” biri xəstəliyə – Tanrının qəzəbinə səbəb olan yəhudiləri öldürmək idi. İnsanlar xəstəliyə tutulmaqdan qorxur, qurtulmaq üçün qaçırdılar, bununla da taunun daha da yayılmasına səbəb olurdular. Bu mənada Orta Dövr qaranlığındakı qərb toplumlarında “taunluların yandırılması” , “cadu” , “yəhudi ovu” məşhurdur.
Taunla bağlı həyat hekayələri onlarla ədəbiyyat əsərinə mövzu olmuşdur. Lakin yalnız ədəbiyyatda deyil, incəsənətdə də, rəssamlıqda da vəbanı təsvir edən nümunələrə rast gəlmək olar. Rəsm əsərlərinə diqqətlə baxdıqda o dəhşəti hiss etməmək mümkün deyil.
” Florensiya taunundan epizod” – rəssam: Fransua Piko
“Vəba qurbanlarına kömək” – rəssam:(isp.) Federico de Madrazo y Kuntz
Rəssam: Louis Duveau
“Marsel taun dövründə” . Rəssam məlum deyil.
Mənbə:
https://top-voprosov.ru/articles/chuma-vsya-pravda-o-bolezni-unesshey-zhizni-millionov
https://en.wikipedia.org/wiki/Black_Death
http://www.yaklasansaat.com/eski_kavimler/yaklasansaat/tarih_boyunca_veba_taun.asp