Yalanların yaratdığı həqiqət eşqi – Sveyqdən Stendal barədə

Post date:

Author:

Category:

Stendal həqiqəti kəşf etmək bacarığını tamamilə özünü gizlətmək haqqındakı biliklərinə, yalan demək tərzinə borcludur.

Yalan danışanda alınan zövq və həqiqət sevgisi

“Üzümə maska keçirəcək, adımı dəyişəcək və bunu sevərək, istəyərək edəcəyəm.”

Stendal qədər yalan deyə bilən və insanları aldatmaqdan zövq alan çox az yazıçı var, lakin eyni zamanda çox az yazıçı var ki, həqiqəti onun qədər yaxşı və dərin şəkildə dilinə gətirə bilsin.

Tez-tez imicini dəyişməsi və insanları aldatması həddindən çoxdur. Kitablarını açmazdan öncə kitabın üzündə fərqli biri kimi görünə bilər, çünki Henri Beyl (Beyle) əsl adını heç vaxt açıq demir. Bəzən özünü zadəgan kimi göstərər, bəzən Kesar Bombet (Cesar Bombet) olar, ya da adının baş hərflərinə A.A ( Keçmiş İdarə Məhkəməsinin üzvü mənasına gələn Ancien Auditeur) əlavə edər. Bu hərflərin arxasında həddən artıq bir təvazökarlıqla özünü gizlədən keçmiş bir idarə məhkəməsi üzvünün olmağı təbii ki, heç kəsin ağlına gəlmirdi. Amma o, bu ləqəblərin altında sanki özünü daha təhlükəsiz hiss edirdi. Özünü bir gün Avstriya hökumətinin təqaüdçüsü adlandırır, başqa vaxt keçmiş süvari zabiti deyir, çox vaxt da vətəndaşlar tərəfindən başa düşülməyən Stendal adından istifadə edirdi (beləcə, kiçik bir Prussiya şəhərinin adını ölümsüzləşdirdi). Bir tarixdən danışırsa, danışığının həqiqət olmadığına and da içə bilərsiniz. “Parme Monastrı”-nın ön sözündə bu kitabı 1930-cu ildə və Parisdən 1200 fərsəx uzaqlıqda yazdığını bildirmiş ola bilər, lakin bu, onun əsəri 1939-cu ildə və Parisin göbəyində yazmasına əngəl deyil. Onun danışdığı hadisələr də əksər hallarda bir-biri ilə ziddiyyət təşkil edirdi. Bir avtobioqrafiyada möhtəşəm bir tərzdə Vegrem, Aspern və Eylau döyüşlərini gördüyünü bildirib, lakin burada bir kəlmə də doğruluq yoxdur. Gündəliyini oxuyan insanlar tərəfindən də bu isbat olunmuşdur. Həmin vaxt o, sakit və rahat halda Parisdə idi. Bir dəfə Napaleonla etdiyi uzun və əhəmiyyətli söhbətdən danışmışdı. Amma təəssüf ki, başqa bir cilddə Napaleonun onun kimi dəlilərlə söhbət etmədiyini çox inandırıcı şəkildə etiraf etmişdi. Stendalın demiş olduğu hər bir söhbət böyük bir ehtiyatla qəbul edilməlidir və belə görünür ki, onun polis qorxusu ilə sistemli bir şəkildə yalnış tarix qeyd etdiyi və hər dəfə başqa adla imzaladığı məktublara inanmaq lazım deyil. Əgər Romada gəzirsə, bu yeri Orvetio olaraq göstərə biləcəyinə şübhə yoxdur. Besançondan yazırsa, həqiqətdə o gün Qrenoblda ola bilər. Bəzən il, əksər hallarda isə ay, demək olar ki, həmişə yanlış qeyd edilib. İnadkar bioqrafiya yazarları onun indiyə kimi 200-dən artıq xəyali imzasının olduğunu düşünürlər. Stendal (yəni Henri Beyle), məktublarını bəzən Cottinet, Dominique, don Flegme, Gaillard, A.L. Feburier, Baron Dormant, A.L. Champagne və hətta Lamartine ya da Jules Janin olaraq belə imzalamışdır. Bəzilərinin düşündüyü kimi ona bu cür hərəkətlər etdirən yalnız Avstriya hökumətinə olan qorxusu deyil, təəccübləndirmək, imic dəyişdirmək, gizlən-qaç oynamaq üçün duyduğu instiktiv ehtiyacları idi sanki. Stendal, hətta səbəbsiz halda belə özünü qəribə göstərməyi və kimliyini gizlətmək üçün yalan deməyi sevir, bəzi ləqəbləri və yanıldıcı, aldadıcı informasiyaları parıldayan bir qılınc kimi öz şəxsiyyətinin ətrafında ustalıqla fırladır və bunu öz səviyyəsindən aşağı insanların ona yaxınlaşmaması üçün edirdi. Yalana və intriqaya duyduğu sevgini heç vaxt gizlətməyib: bir gün dostlarından birinin onu: “Sən alçaq yalançısan” – deyə şiddətlə günahlandırdığı sətirləri oxuyarkən səhifənin kənarında: “Düzdür” – deyə soyuqqanlı bir qeyd etmişdir. Xəyali xidmət illərinin idarə sənədləri içində bəzən Burbonlara, bəzən Napaleona nə qədər bağlı olduğunu həyasızcasına bildirir. Və bu cür hərəkətlərinin sonuncusu – yalan demək xəstəliyi rekordu – vəsiyyətində bildirdiyi arzusuna uyğun olaraq Montmartr qəbiristanlığındakı qəbir daşının üstündə həkk edilmişdir. Orada bu gün belə yanıldıcı təsirdə olan bu sözləri oxumaq olar: “Arrigo Beyle, Milanlı”. Əsl fransız adına sahib olan və Qrenoblda anadan olan birinin qəbri üzərində bu sözlər yazılıb. O, ölümün belə qabağına maska ilə çıxmaq istəmiş, ona romantik bir geyimdə görünmüşdür.

Bununla birlikdə, özünü gizlətməkdə usta olan bu adamın etdiyi şəkildə dünyaya özü haqqında bu qədər həqiqəti etiraf edə bilən çox az adam var. Stendal yalana qarşı olan sevgisi kimi, həqiqətə olan sevgisində də eyni cəsarəti göstərə bilib. İnsanı təəccübləndirən, hətta qorxudan və heç bir nizam tanımayan bir acgözlüklə, başqalarının öz şüurlarının bərabərinə çatan zaman susmağa və ya gizlətməyə çalışdıqları ən məhrəm həyatlarından bəzilərini və özü üstündə etmiş olduğu bəzi müşahidələri cəsarətlə və yüksək səslə hər kəsə bildirən ilk şəxsdir. O, utancaqlıq hissi səbəbindən ən qəddar işgəncələrlə belə insanları danışdıra bilməyəcəyiniz hər cür etirafı müstəqil və şəffaf şəkildə etmişdir. İctimai əxlaqın bütün maneələrini rahat bir şəkildə aşmaqla içimizdəki hakimin bizə qoymuş olduğu bütün məhdudiyyətləri və maneələri dağıtmışdır. Həyatda ürkək, qadınların yanında çəkingən olan bu insan əlinə qələm alan zaman cəsarətə gəlirdi. Bu vəziyyətdə artıq heç bir şey onu dayandıra bilmirdi, tam əksi öz içində düşdüyü vəziyyətə etiraf edən nəyəsə rastladığı anda onu özündən kənarlaşdırmağa və obyektiv şəkildə təhlil etməyə çalışırdı. Həyatda onu ən çox narahat edən şeyə psixoloji olaraq qalib gələ bilmişdir. Beləcə, 1820-ci ildəki hadisələr vasitəsilə, psixoanalizin qarışıq alətləri ilə yalnız 100 il sonra dağıdıb yenidən qurduğu ruhi mexanizmin ən incə kilidlərindən birini dahiliklə bir təsadüf nəticəsində qıra bilmişdir. Psixoloq kimi doğulduğu, hər tip zəka oyunlarına öyrəşmiş olduğu üçün yavaş inkişaf edən elmin qarşısına keçən cəsarəti, ona birdən-birə 100 illik bir sıçrayış etdirib. Və Stendal müşahidələrindən başqa heç bir laboratoriya istifadə etməyib, bilinməyənlərə sıçrayış etmək üçün heç bir qatı nəzəriyyədən dəstək almamışdır. Tək aləti şiddətli, həddən artıq kəskin olan marağıdır. Əsərlərini dəyərli edən şey də həqiqəti göstərmək üçün göstərdiyi cəsarət və ictimai rəyə fikir verməməsidir. Hisslərini diqqətlə müşahidə etmiş və hiss etdiklərini həyasızca dilə gətirmişdir. Özünə inamı ilə nə qədər qorxusuzdursa, o qədər rahatdır. Məhrəm mövzulara olan marağı nə qədərdirsə, ehtirası da bir o qədər çoxdur. Daha çox ən bayağı, ən gizli duyğularını təhlil etməyi sevirdi. Atasına qarşı hiss etdiyi kinlə həddən artıq öyünmüş, onun ölüm xəbərini alanda kədər hiss edə bilmək üçün nələr etdiyini lağa qoyaraq danışdığını xatırlaya bilərik. Ən çətin etirafları, cinsi əzabları, qadınların yanındakı davamlı uğursuzluqlarını, məhdudiyyətsiz qürurunun qarşılaşdığı məğlubiyyətləri, bütün bunları qərargahda duran əsgərin diqqəti və vasvasalığı ilə oxucu üçün açıq qoyur. Stendal özündən qabaq heç kimin belə açıqcasına demədiyi və sirr saxlaya bilməyən kağızlara belə tökməyə cəsarət etmədiyi bəzi məhrəm sirlərini, bir həkim soyuqqanlılığı ilə etiraf etmişdir. Stendalın əhəmiyyəti və dəyəri psixologiyanın ən dəyərli kəşflərindən bir neçəsini bivec və soyuq zəkasının şəffaf kristalın içərisində sonsuza kimi qala biləcək şəkildə yerləşdirməkdən və onları gələcək nəsillər üçün saxlamağından qaynaqlanıb. Yalan sənətinin bu mükəmməl ustası olmasaydı, hisslərin kainatı və onların gizli dünyası haqqında bildiyimiz doğrular daha az olardı.

Beləcə, görünüşdə insana ziddiyyətli kimi gələn bir fakt izah olunur: Stendal həqiqəti kəşf etmə bacarığını özünü gizlətmə elminə, yalan demək tərzinə borcludur. Bir gün ruhi informasiyalarını ən çox inkişaf etdirənin darıxdırıcı bir ailə mühitində yaşamaq və uşaqlıqdan bəri həmişə başqa biri kimi görünmək məcburiyyətində olduğunu etiraf etmişdir. Həqiqətən də, yalnız nə qədər rahat yalan dediyini və bir duyğunun ürəkdən dodaqlara gələrkən necə bir sürətlə qiyafəsini dəyişdiyini və saxta bir görüntü aldığını 100 dəfə özündə kəşf edən biri təkcə bu saxta görüntülərə və göstərişlərə öyrəşmiş olan bir insan yalan deməmək üçün nə qədər diqqətli olmaq lazım olduğunu bilər (və həqiqətdə səmimi və dürüst insanlardan daha çox başa düşər). Öz-özünü təhlil etdiyi saysız-hesabsız təcrübələr içərisində bu coşğun və təcrübəli ruh bir duyğunun özünə diqqət olduğunu hiss edən kimi dərhal necə narahat olduğunu və özünü gizlətdiyini, belə ki, hər hissi, şüurun sürüşkənliyində gedərkən sanki tilovuna ilişən balıq qarmaqdan xilas olmasın deyə şiddətlə özünə tərəf çəkən balıqçının cürətli və ani hərəkəti ilə dərhal tutmaq lazım olduğunun fərqinə varmışdır. Həqiqəti özünə diqqətlə baxıldığından şübhələnmədiyi üçün şüurun kandarında çılpaq bir vəziyyətdə görünmə qorxusunu bildiyi anda tutmaq lazımdır.

Öz hisslərini müşahidə etmək şüuruna sığınmazdan əvvəl ya da başqa bir qiyafə altında özlərini gizlətməmişdən qabaq onları kağız üzərində ifadə etmək, bu usta və ehtiraslı həqiqət ovçusunun xüsusi zövqü idi. Və bu ovun yaratdığı xoşbəxtlik dəqiqələrinin sanki bir ov heyvanı kimi nadirən əldə edildiyini və həddindən artıq dəyərli olduğunu biləcək qədər ağıllı idi. Qəribəsi odur ki, çox az insan həqiqətə bu yalan ustası Stendal qədər hörmət edib. Həqiqətlə hər dəqiqə rastlaşmadığını, kobud əllərin onu oxşamasına razı olaraq və ya şirin dillə yolla gətirərək həmin dəqiqə gün işığına çıxmadığını çox yaxşı bilirdi: qəlbin bu usta və bacarıqlı Odisseusu həqiqətin mağaralarda yaşadığını, işıqdan ürkdüyünü, səhv atılan hər bir addımın onu qaçırdığını və tutmaq istədiyimiz anda əlimizdən dərhal qaçıb qurtulduğunu çox yaxşı bilirdi. Ona yaxınlaşmaq üçün səssizcə yerimək lazımdır, yumşaq və xəfif əllərə və qaranlığı belə dələ bilən gözlərə sahib olmaq lazımdır. Və hər şeydən əvvəl maraqlı bir insan, ehtiraslı bir tədqiqatçı və müşahidəçi olmaq lazımdır. Lakin bu ehtiras zehnin üstünlük təşkil etdiyi ehtiras olmalıdır və ruhun qanadları ilə dəstəklənməlidir. Stendalın dili ilə desək, ruhun qaranlıq divarlarını və sinirlərin qarma-qarışıq torunu ən kiçik detalına qədər yoxlama və hətta deşmə cəsarəti lazımdır. Yalnız bu cür bəzi, çox kiçik, amma əsaslı kəşflər edilər. Ən aşağı səviyyədən ən qəti doğruları, bəsit zəkaların öz teoremlərinin boş qəfəsinə həbs etdiklərini düşündükləri, sistemlərinin o böyük qəbri içində ətrafını divarla hördüklərinə inandıqları o heç bir zaman əldə olunmayan və əlçatmaz olan həqiqətin kiçik hissələrini və bölmələrini tuta bilmək mümkün ola bilər. Özünü şübhəci göstərən Stendal əslində həqiqətə çox dəyər vermiş, həqiqətə nə qədər az rast gəldiyini və onun nə qədər qısa ömrə sahib olduğunu bilirdi. Xüsusilə, onun evdəki bir quş kimi qəfəsə həbs edə bilməyəcəyini, nə satıla, nə də alına bilməyəcəyini, həqiqətin ancaq işin dərinliyini bilənlərə özünü göstərdiyini bilirdi.

Tapdığı həqiqətlərə verdiyi dəyərə görədir ki, onları heç bir zaman nə açıqlamış, nə də göylərə çıxarmışdır. Onun üçün mühüm olan tək şey özü üçün və özünə qarşı açıq ürəkli olmaq idi. Başqalarına yalan deməsindəki hörmətsizliyi də bundan qaynaqlanırdı. Tamamilə bivec olan və özünü daim təhlil edən bu adam ətrafındakı insanlara bir şey öyrətmək üçün heç vaxt çalışmamış, onlara özü haqqında informasiya vermək lazım olduğunu fikirləşməmişdir. Əksinə axmaq bir maraqla qarşılaşmamaq və öz ruhunun dərinliyinə gedən yolları və sirli dəhlizləri rahat və sakit bir şəraitdə qazmaq üçün bütün tikanları və zəhərli iynələri çıxartmışdır. Özünə qarşı dürüst olmaq onun üçün sonsuzadək mövcudluğunu qoruyan bir ehtiras kimi olmuşdur. Lakin “yalanın ömrü qısa olar” deyiblər, onun yalanlarının ömrü də qısa oldu və kəşf etdiyi həqiqətlər isə o öldükdən sonra belə yaşamağa davam etdi. Bir zamanlar özünə qarşı səmimi olan sonsuzadək belə qalmış, sirrini saxlaya bilməyən biri isə onu hər kəsə bildirmişdir.

Stefan Sveyq

Öz həyatının şeirini yazanlar

Stendal bölməsi

Tərcümə etdi: Firəngiz Manafova

Redaktə etdi: Şəfiqə Babayeva

Mənbə: https://www.insanokur.org/stendhal-gercegi-kesfetmedeki-ustaligini-tamamiyle-kendini-gizleme-bilimine-yalan-soyleme-teknigine-borcludur/

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
20,400SubscribersSubscribe

INSTAGRAM

Rosenhan təcrübəsi – Ağıllı və dəliləri həqiqətən də, fərqləndirə bilirik?

Stanford universitetinin professoru David Rosenhan 1973-cü ildə psixiatrların (əslində elə bütün cəmiyyətin) psixologiyası normal olan və olmayan şəxsləri həqiqətən fərqləndirib-fərqləndirməyəcəyini görmək...

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm